Xəbər lenti

Kamran Uluxanlının ailə sürücüsünün 45 min manatı oğurlanıb
Ölkə 16:13 11.03.2026

Kamran Uluxanlının ailə sürücüsünün 45 min manatı oğurlanıb

Pakistan vətəndaşı bağban işlədiyi "Sea Breeze”dəki fərdi yaşayış evinin sahibinə məxsus "Zeekr 001” markalı avtomobildən oğurluq edib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, o, avtomobildən 45 000 manat oğurlayıb. 

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra bağban saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbdiri seçilib. 

Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, pulun 30 000 manatını "Binance” hesabına köçürüb. 5900 manatını isə qardaşının kredit borcunu bağlamağa sərf edib. Həmçinin Azərbaycanı tərk etmək üçün Pakistanın Lahor şəhərinə onlayn bilet alıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında polis əməkdaşları tərəfindən saxlanılıb. 

İş materiallarından məlum olur ki, "Sea Breeze”dəki fərdi evin və oğurluq edilən avtomobilin sahibi Kamran Uluxanlıdır. O, "Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyəti sədrinin müşaviridir. 

Lakin iş üzrə zərərçəkmiş qismində Kamran Uluxanlının ailə üzvlərinin sürücüsü tanınıb. 

Sürücü məhkəmədə bildirib ki, oğurlanan pullar ona məxsusdur. Onun sözlərinə görə, həmin vəsaiti anasının müalicəsi üçün toplayıb. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.

Seyid
--> -->