Xəbər lenti

İsrail İranı vurmaq üçün ABŞ-ı niyə tələsdirir? (ŞƏRH)
Dünya 14:56 10.02.2026

İsrail İranı vurmaq üçün ABŞ-ı niyə tələsdirir? (ŞƏRH)

İsrailin "The Jerusalem Post" qəzetinin məlumatına görə, bu ölkənin yüksək rütbəli hərbi rəsmiləri amerikalı həmkarları ilə təmaslar zamanı Vaşinqtonu xəbərdar ediblər ki, Tel-Əviv İranın ballistik raket proqramına görə bu ölkəyə təkbaşına zərbə endirməyə hazırdır. Bildirilir ki, İsrail tərəfi İranın ballistik raket proqramını nüvə proqramı qədər ciddi təhlükə kimi qiymətləndirir. 

Mənbənin sözlərinə görə, Tel-Əviv amerikalılara açıq şəkildə bildirib ki, İran ballistik raketlərlə bağlı müəyyən etdikləri "qırmızı xətti" keçərsə, İsrail ABŞ-ın mövqeyini nəzərə almadan belə müstəqil şəkildə hərbi zərbə endirəcək. 

İsraildən gələn bu açıqlamalar onu deməyə əsas verir ki, Benyamin Netanyahu hökuməti İranın tez bir zamanda vurulmasında maraqlıdır. Lakin məsələ ondadır ki, İsrailin İranla təkbaşına müharibə aparması o qədər də real görünmür. 

Tərəflərin hərbi potensialları demək olar ki, bərabər səviyyədədir. Keçən ilin iyununda baş verən və 12 gün davam edən toqquşmalar da göstərdi ki, İsrail həmin dövrdə İrana ciddi zərbələr endirsə də, bu ölkəni təkbaşına ram etmək asan məsələ deyil. Yalnız ABŞ aviasiyasının İranın Fordo, Natanz və İsfahandakı üç nüvə obyektinə zərbələr endirməsindən sonra qarşıdurma dayandırıldı. 

Hazırkı mərhələdə Vaşinqtonla Tehran arasında gərginlik artsa da, görünən odur ki, Tramp administrasiyası Netanyahudan fərqli olaraq, hələlik hərbi ssenaridən daha çox diplomatik danışıqlara üstünlük verir. Başqa sözlə, Trampın bu məsələdə tələsmədiyi açıq hiss olunur. 

Görünür, məhz bu vəziyyət Netanyahunu ciddi şəkildə narahat edir. Ona görə də İsrail İranı vurmaq məsələsində israrlı mövqe nümayiş etdirmək, hətta bu addımı təkbaşına ata biləcəkləri barədə ABŞ-a mesaj ötürmək xəttini seçib. Məqsəd isə Vaşinqtonun mövqeyini öz maraqlarına uyğun istiqamətə yönəltməkdir. 

Digər tərəfdən, fevralın 11-də İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılır. Həmin görüş ərəfəsində İsrail mətbuatında belə bir məlumatın yayılması da göstərir ki, Netanyahu Tramp qarşısında elə bir siyasi-psixoloji fon formalaşdırmaq istəyir ki, ABŞ Prezidenti tərəddüdləri bir kənara qoyaraq İrana hərbi zərbə endirilməsi məsələsini qəti şəkildə gündəmə alsın.

Rüfət Sultan
--> -->