"Hotel California” və "Desperado” kimi hitləri ilə tanınan amerikalı rok qrupu "Eagles” yarım əsrdən artıq davam edən karyerasını rəsmi olaraq başa vurduğunu təsdiqləyib.
Qaynarinfo-nun məlumatına görə, "CBS Sunday Morning”ə verdiyi müsahibədə qrupun həmtəsisçisi Don Henli bildirib ki, 2026-cı il böyük ehtimalla kollektivin qastrol tarixində son il olacaq.
"The Long Goodbye” adlı vida turunun yekun mərhələsini şərh edən musiqiçi qeyd edib ki, "Eagles” hələ bir neçə konsert verməyi, o cümlədən Las-Veqasdakı rezidentliyini başa çatdırmağı planlaşdırır və bundan sonra səhnə ilə birdəfəlik vidalaşacaq:
"Bilirsən, düşünürəm ki, bu il böyük ehtimalla sonuncu olacaq. Mən əvvəllər də buna bənzər fikirlər söyləmişdim, amma indi həqiqətən sona yaxınlaşdığımızı hiss edirəm. Və bununla da barışıram”.
1971-ci ildə Los-Ancelesdə yaradılan "Eagles” populyar musiqi tarixinin ən uğurlu və ən təsirli kollektivlərindən birinə çevrilib. Qrup Qlenn Frey, Don Henli, Berni Lidon və Rendi Meysner tərəfindən formalaşdırılıb.
1970-ci illərdə rok, kantri və folk üslublarının sintezi, eləcə də mürəkkəb çoxsəsli vokal aranjimanları ilə şöhrət qazanan "Eagles” dünya miqyasında tanınıb. "Take It Easy”, "Desperado”, "Hotel California”, "New Kid in Town”, "Life in the Fast Lane” və "Take It to the Limit” kimi hitlər qrupa qlobal uğur gətirib. "Their Greatest Hits (1971–1975)” albomu ABŞ-da 40 milyondan çox nüsxə satılaraq musiqi tarixinin ən çox satılan albomu olub, "Hotel California” isə XX əsrin əsas musiqi albomlarından biri sayılır.
Daxili münaqişələr səbəbindən 1980-ci ildə dağılmasına baxmayaraq, qrup 1994-cü ildə yenidən birləşərək uğurlu konsert fəaliyyətini davam etdirib. Mövcud olduğu illər ərzində "Eagles” dünya üzrə 200 milyondan çox albom satıb, altı dəfə "Qremmi” mükafatına layiq görülüb və Rok-n-Roll Şöhrət Zalına daxil edilib.
Aydın
Şərhlər