Xəbər lenti

İnsanlarla danışmaqdan daha asan: Gənclər niyə süni intellektə üz tutur?
Texnologiya 09:09 27.11.2025

İnsanlarla danışmaqdan daha asan: Gənclər niyə süni intellektə üz tutur?

Süni intellektin inkişaf dövründə böyüyən yeni nəsilin qarşılaşdığı erkən siqnallar olduqca narahatedicidir. 

Qaynarinfo xəbər verir ki, İngiltərənin gənclər yardım təşkilatı "OnSide" tərəfindən 11–18 yaş arası 5.035 gənci əhatə edən illik tədqiqat – "Nəsil İzolyasiyası Hesabatı” – gənclərin getdikcə daha çox təcrid olunduğunu göstərir.

Tədqiqat nəticələrinə görə, hər beş gəncdən ikisi məsləhət, dostluq və ya dəstək üçün süni intellektə müraciət edir. Bu gənclərin 20%-i süni intellektlə danışmağın real insanla danışmaqdan daha asan olduğunu bildirir. "OnSide" İcra Komitəsinin sədri Ceymi Masraff deyib: "Süni intellekt dəstəyi ani ola bilər, amma insan söhbətinin gətirdiyi güvən, empatiya və anlayışın yerini tutmaq mümkün deyil".

Təqdim olunan məlumatlara görə, iştirakçıların yarısından çoxu geyim, dostluq, əqli sağlamlıq kimi mövzularda xüsusi məsləhət almaq və ya kədər və stresslə başa çıxmaq üçün süni intellektdən kömək istədiklərini qeyd edib. Tədqiqat göstərir ki, bu gənclər əsasən ekran qarşısında vaxt keçirir – 76%-i boş zamanlarının çoxunu belə keçirir, 34%-i isə özünü yüksək və ya çox yüksək səviyyədə tənha hiss edir. Masraff əlavə edir:
"Tənha olmaq, rəqəmsal asılılıq və izolyasiya kimi problemlər gənclərin həyatına kök salıb".

Süni intellekt hələ tənzimlənməmiş bir sahədir və tənha gənclərin sürətli dostluq axtarışında süni intellektə üz tutması ciddi risklər gətirir. Böyük yaşda beyinləri tam işləyən insanlar üçün belə təhlükəli dərəcədə asılılıq yarada bilən söhbət robotlarının, inkişaf mərhələsində olan gənclərə təsiri daha ciddi ola bilər.

Amerika Psixologiya Assosiasiyası süni intellekt söhbət robotlarının lisensiyasız terapevt kimi istifadəsini nəzərdən keçirmək üçün Federal Ticarət Komissiyasına (FTC) təzyiq göstərir. Assosiasiya xəbərdarlıq edir ki, bu robotlar riskləri qiymətləndirmək təcrübəsi olmayan uşaqlar və gənclər kimi həssas qrupları təhlükəyə ata bilər.

Qısa müddət əvvəl iki ayrı ailə, oğullarının intiharına söhbət robotlarının təsir etdiyini iddia edərək "Character.AI" və "OpenAI" şirkətlərinə məhkəmə müraciəti edib. Bir hadisədə, "OpenAI"ın ChatGPT-si 16 yaşlı bir gəncə intihar planlamasında kömək edib və bunu ailəsindən gizlətməyi tövsiyə etdiyi iddia olunur. Bundan əlavə, "Meta"nın süni intellekt vasitələrinin uşaqlarla "emosional” söhbətlərə girməsinə icazə verdiyini göstərən sızmalar texnologiya nəhənginə tənqidlər gətirib.

Keçən ay ABŞ Konqresi, süni intellekt şirkətlərini saytlarında yaş doğrulaması etməyə və 18 yaş altı istifadəçiləri bloklamağa məcbur etmək məqsədilə GUARD Qanunu adlı qanun layihəsini təqdim etdi. Layihəni təqdim edən senator Ciş Havli deyib: "Süni intellekt söhbət robotları uşaqlarımız üçün ciddi təhlükə yaradır".

Amma sosial media platformalarının yaş doğrulama üsullarının uşaqlar üzərində kifayət qədər təsirli olmaması bu qanunun uğuru ilə bağlı suallar yaradır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->