Xəbər lenti

Ekonomiks 16:26 12.02.2026

"İnsanlar əlavə xərclərini azaltmalı olacaq" - İqtisadçıdan bədbin proqnoz

2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar ayına nisbətən 105.7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107.1 faiz, qeyri-qida məhsulları üzrə 103.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105.6 faiz təşkil edib.
Əgər artım ilin sonuna qədər davam edərsə, bu əhalinin alıcılıq qabiliyyətinə necə təsir edəcək?

Qaynarinfo-nun sualını şərh edən iqtisadçı Asif İbrahimov bildirib ki, artım ilin sonuna qədər davam edərsə, bu, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxaracaq və iqtisadiyyatda daralma baş verəcək: İqtisadçı bu fikrini nümunələrlə izah edib:

"Məsələn, insanlar gəlirlərinin daha çox hissəsini qidaya xərcləyəcəksə, burda artıq iqtisadi, sosial tarazlıq pozulacaq. Birbaşa olaraq orta statistik Azərbaycan vətəndaşı xərclərini azaltmaq məcburiyyətində qalacaq. Buna nümunə olaraq, məsələn, vətəndaş 1000 manat maaş alırdısa, bu pul ilə həm qida təminatını həyata keçirir, kommunallarını ödəyirdisə, qonaq gedir, məclislərdə iştirak edirdisə, artıq bu bahalaşma müşahidə olunanada digər çox da vacib olmayan xərclərini qısacaq: taksidən istifadə etməyəcək, əvvəl 2-3 ayda bir yeni geyim alırdısa, indi ildə iki dəfə alacaq. Aydaiki dəfə restorana gedirdisə, artıq getməyəcək".



Bahalaşmanın inflyasiyaya təsirləri haqqında da danışan Asif İbrahimov qeyd edib ki, dünya praktikasında inflyasiya istehlakçı qiymətlər indeksi sənədi (Consumer Price Index - CPI) əsasında  hesablanır:

"İnflyasiya səviyyəsi bu indeksə əsasən dörd hissədə təsnif edilir. 0–3 faiz arası aşağı və sabit inflyasiya hesab olunur. 3–6 faiz orta, 6–10 faiz yüksək, 10 faizdən yuxarı isə kritik inflyasiya sayılır. Beynəlxalq praktikaya uyğun açıqlanan rəsmi rəqəmlər göstərir ki, qida məhsulları bəzi meyarlar üzrə artıq kritik həddə çatıb. Ümumi illik inflyasiya hazırda 5,7 faizdir ki, bu da orta səviyyədir. Lakin bəzi məhsul və xidmətlər üzrə göstərici 7,1–9 faizə qədər yüksəlib”.

"Dövlət qiymətlərə nəzarət etmək üçün hansı tədbirləri görə bilər" sualına cavab olaraq iqtisadçı bildirib ki, dövlətin qiymətlərə birbaşanəzarət etməsi düzgün deyil:

"Dünya praktikasında da dövlətlər istəsə belə, qiymətlərə nəzarət edə bilmir. Çünki hər hansı bir məhsulun, xidmətin yekun qiymətini formalaşdıran onu yaradan xərclərdir. Əgər həmin məhsulu, xidməti yaradan xərclər yüksəkdirsə, bu yekun qiymətə də öz təsirini göstərəcək".

Asif İbrahimov əlavə edib ki, qiymət artımının qarşısını almaq üçün yerli istehsalın stimullaşdırılması vacibdir:

"Hazırda ölkə daxilində istehsal baha başa gəlir. Sahibkar görür ki, eyni məhsul Çində üç dəfə ucuz istehsal olunur və nəticədə onu idxal edib üzərinə müəyyən məbləğ əlavə etməklə satmağa üstünlük verir. Bu gün Azərbaycanda istehsal olunan məhsulların xammal və inqrediyentlərinin əksəriyyəti xaricdən gətirilir. Bu da məhsulun maya dəyərinə birbaşa təsir edir”.

İqtisadçı hesab edir ki, dövlət sahibkarlara stimullaşdırıcı dəstək göstərməlidir:

"Qanunvericilikdə müəyyən sadələşdirmələr aparılmalı, subsidiyalar tətbiq edilməli, vergi siyasətinə yenidən baxılmalıdır. Xüsusilə gömrük prosedurları sadələşdirilməlidir. Sahibkar istehsal üçün lazım olan malları ölkəyə gətirərkən yüksək rüsumlarla üzləşməməlidir ki, nəticədə məhsulun yekun qiyməti də baha olmasın”.


Günay İlqarqızı

--> -->