Xəbər lenti

Hidayət Heydərov Avropa çempionatında ikinci oldu (YENİLƏNİB)
İdman 17:31 17.04.2026

Hidayət Heydərov Avropa çempionatında ikinci oldu (YENİLƏNİB)

Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa çempionatında ölkəmizin aktivinə gümüş medal yazdırıb.

Qaynarinfo xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində tatamiyə çıxan son olimpiya çempionumuz həlledici final görüşündə yerli idmançı Laşa Şavdatuaşvili ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.

Qeyd edək ki, finala gedən yolda uğurlu silsilə nümayiş etdirən H.Heydərov ardıcıl olaraq 1/16 finalda yunanıstanlı Konstantinos Tsaparas, 1/8 finalda kosovolu Dardan Çenan, 1/4 finalda fransalı Dayyan Boulemtafes və yarımfinalda türkiyəli Bilal Çiloğlunu mübarizədən kənarlaşdırmışdı.

Məlumat üçün qeyd edək ki, qitə miqyaslı Avropa çempionatına aprelin 19-da yekun vurulacaq.

Xatırladaq ki, Azərbaycan təmsilçisi karyerasında ikinci dəfə qitə birinciliyinin gümüş medalını qazanıb.
 
 09:30
 
Azərbaycanın daha bir idmançısı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.

Qaynarinfo-nun "Report"a istinadən məlumatına görə, son olimpiya çempionu Hidayət Heydərov (73 kq) tatamiyə çıxacaq.

O, 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşacaq.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 idmançıdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.
--> -->