Avropada kritik infrastrukturaya yönələn kiber təhdidlər artıq sadə məlumat oğurluğundan çox daha irəli gedərək birbaşa fiziki dünyanı hədəf almağa başlayıb.
Qaynarinfo xəbər verir ki, İsveç hökumətindən verilən son açıqlamalar rəqəmsal müharibənin enerji sistemlərinə qədər sızdığını göstərir.
İsveç Mülki Müdafiə naziri Karl-Oskar Bohlini bildirib ki, 2025-ci ilin ilk aylarında bir istilik elektrik stansiyası Rusiya kəşfiyyatı ilə əlaqəli qruplar tərəfindən hədəfə alınıb. Təhlükəsizlik sistemlərinin vaxtında müdaxiləsi sayəsində böyük fəlakətin qarşısı alınsa da, rəsmilər "hibrid” hücumların getdikcə daha təhlükəli xarakter aldığını vurğulayır.
Bohlini görə, hücum edən qrupların strategiyasında ciddi dəyişiklik var. Əvvəllər sadəcə vebsaytları sıradan çıxaran bu qruplar indi Avropadakı fiziki infrastrukturu iflic etməyə yönəlmiş daha dağıdıcı modellərə keçib. İsveçdə hədəf alınan stansiyanın adı təhlükəsizlik səbəbilə açıqlanmasa da, aparılan araşdırmalar hadisənin texniki nasazlıq deyil, planlaşdırılmış sabotaj olduğunu göstərib.
Polşanın elektrik şəbəkəsinə sızma cəhdi və Norveçdə bir bəndin idarəetmə sisteminə müdaxilə iddiaları bu təhlükənin regional miqyas aldığını göstərir. Xüsusilə Norveçdə bənd qapılarının rəqəmsal müdaxilə ilə açılması riski milyonlarla litr suyun nəzarətsiz boşalması kimi ciddi ssenariləri gündəmə gətirib. Oxşar şəkildə Ukraynanın Lvov şəhərində baş verən kiber müdaxilənin yüzlərlə evi istiliksiz qoyduğu bildirilir.
2015-ci ildə Ukrayna enerji şəbəkəsinə edilən hücumdan sonra kiber təhdidlərin daha mürəkkəb və aşkar edilməsi çətin üsullarla davam etdiyi qeyd olunur. Mütəxəssislərə görə, enerji və su infrastrukturları müasir müharibənin ən həssas cəbhəsinə çevrilib. İsveç rəsmiləri isə bu tip hücumların qarşısının alınmasının təsadüfi deyil, güclü kiber müdafiə sistemlərinin nəticəsi olduğunu bildirir.
Aydın
Şərhlər