Avropanın aparıcı aviaşirkətləri Yaxın Şərqdəki münaqişə fonunda yaranan yanacaq çatışmazlığı və qiymət artımı səbəbindən reysləri azaltmağa və bilet qiymətlərini yüksəltməyə başlayıb.
Qaynarinfo-nun "Independent” nəşrinə istinadən məlumatına görə, Almaniyanın "Lufthansa” şirkəti yaxın vaxtlarda törəmə qurumu "CityLine” üçün xidmət göstərən 27 təyyarənin, eləcə də "Lufthansa” brendi altında fəaliyyət göstərən daha 4 köhnə təyyarənin uçuşlarını dayandıracağını açıqlayıb. Bu addım bu istiqamətdə ilk böyük qərarlardan biri hesab olunur.
Eyni zamanda Niderlandın milli aviadaşıyıcısı KLM Royal Dutch Airlines qarşıdakı bir ay ərzində Amsterdamın Sxiphol hava limanına və oradan həyata keçirilən 160 reysi ləğv edəcəyini bildirib. Dəyişikliklərdən təsirlənən sərnişinlər növbəti mövcud reyslərə yönləndiriləcək.
Şirkət yanacaq təchizatında problem olmadığını qeyd etsə də, qərarın artan yanacaq qiymətləri fonunda qənaət tədbiri kimi qəbul edildiyini vurğulayıb.
Bununla yanaşı, Nigeriya aviaşirkətləri də xəbərdarlıq edərək bildiriblər ki, yanacaq qiymətləri fevralın sonundan etibarən təxminən 270% artdığı üçün azalma baş verməzsə, yaxın günlərdə uçuşlar dayandırıla bilər. Nigeriya Aviadaşıyıcılar Assosiasiyası qeyd edib ki, mövcud gəlirlər yalnız yanacaq xərclərini belə qarşılamağa kifayət etmir.
Yanacaq qiymətlərinin artması səbəbindən bir sıra aviaşirkətlər artıq bilet tariflərini yüksəldib. "Air France” və KLM əlavə yanacaq rüsumu tətbiq etdiklərini açıqlayıblar. Bu rüsum nəticəsində ekonom sinifdə gediş-gəliş biletlərinin qiyməti əlavə 50 avro bahalaşıb.
Yeni artımlarla uzunməsafəli uçuşlarda yanacaq rüsumunun 100 avroya çatacağı gözlənilir. ABŞ, Kanada və Meksika istiqamətlərinə uçuşlarda qiymətlərin əlavə 70 avro artacağı bildirilir.
Böyük Britaniyanın "Virgin Atlantic” şirkəti də ekonom sinif biletlərinə 70 dollar əlavə rüsum tətbiq edib. Premium ekonom sinifdə qiymətlər 240 dollar, biznes sinifdə isə 490 dollar artıb.
Şirkətin baş direktoru Kornel Koster bildirib ki, yanacaq qiymətləri bu səviyyədə qalarsa, yaxın aylarda bilet qiymətlərində artım davam edəcək.
Digər tərəfdən, "EasyJet” də müharibənin rezervasiyalara təsir etdiyini və yay aylarının sonuna doğru qiymətlərin artacağını açıqlayıb. Bəzi şirkətlərin, o cümlədən "JetBlue”nun isə xərcləri kompensasiya etmək üçün baqaj haqlarını artırdığı bildirilir.
Ekspertlər qeyd edir ki, İranla bağlı gərginlik və ümumilikdə Yaxın Şərqdəki vəziyyət aviasiya sektorunda ciddi təzyiq yaradır. Yanacaq qıtlığı və qiymət artımı səbəbindən reyslərin kütləvi şəkildə azaldılması və əlavə ödənişlərin tətbiqi ehtimalı artır.
Daha əvvəl İtaliyanın ən böyük hava limanlarından birində yanacağın müvəqqəti tükənməsi səbəbindən reyslərin ləğv edildiyi də bildirilmişdi. Rəsmilər bunun əsasən bayram dövründə tələbatın artması ilə bağlı olduğunu desələr də, ümumi mənzərə sektorun ciddi çətinliklərlə üzləşdiyini göstərir.
Günay
Şərhlər