Zəlzələlərin adətən dağıdıcı olduğu düşünülür. Lakin bu dəfə baş verən güclü bir zəlzələ, minilliklər boyunca torpağa gömülmüş qədim bir tikilini üzə çıxararaq tam əksinə, tarixi gün işığına çıxarıb.
Qaynarinfo xəbər verir ki, 28 mart tarixində Myanmada baş verən 7,7 bal gücündə zəlzələ yalnız yeri deyil, keçmişi də silkələyib. Zəlzələnin episentri Tada-U qəsəbəsində yerin yarılmasına səbəb oldu və bu çatlaqlar nəticəsində uzun illərdir torpaq qatlarının altında gizlənmiş sirli bir memarlıq nümunəsi ortaya çıxıb. Bəzi tədqiqatçılar bu strukturu ölkənin son kral sülaləsinə məxsus qədim bir su sarayının qalıqları hesab edirlər.
Bu ərazidəki ilk izlər 2009-cu ildə yerli sakinlərin kərpic bişirərkən kərpic fraqmentlərinə rast gəlməsi ilə qeydə alınmışdı. Lakin həmin vaxt yerin altında daha dərin strukturların mövcud olduğu məlum olmamışdı. Yalnız zəlzələdən sonra yerin çatlaması bu sirli quruluşun daha böyük hissəsini görünən edib.
Hazırda Myanma Arxeologiya İdarəsi və Milli Muzeyin arxeoloqları yüz illərdir gizli qalmış məhəccərlər, kərpic platformalar və mərasim pilləkənləri kimi elementləri aşkarlamaq üçün intensiv tədqiqat aparırlar. Bu mənzərə, keçmiş illərdə aşkar edilən sualtı qalıqlarla bəzi oxşarlıqlar daşıyır.
Tarixi qalıqların ortaya çıxan hissələri ziyarətçiləri heyran edir. "Pura-pike" adlanan palma yarpağı əlyazmalarına görə, III Birma imperiyası adı ilə tanınan Konbaun sülaləsinin dövrünə aid su sarayları həm dini, həm də saray funksiyalarını yerinə yetirirmiş. Bu saraylar adətən manqo ağacları ilə əhatələnər, içərisində yataqxanalar yerləşər və mərasimlər üçün nəzərdə tutulmuş xüsusi pilləkənlərə malik olardı.
Bəzi mütəxəssislər aşkar olunan quruluşun bu təsvirə uyğun gəldiyini və simvolik tarixi bir abidəyə çevrilə biləcəyini bildirirlər. Lakin hamı eyni fikirdə deyil. Ərazinin yerləşməsi və tikilinin ölçüsü onun möhtəşəm bir saray ola biləcəyini göstərsə də, istifadə edilən materiallar və memarlıq tərzi Mandalay şəhərindəki "Inva Varkara Taxta Monastırı" və ya "Şvenandav Monastırı" kimi daha sadə kral tikililərini xatırladır.
Arxeoloqlar tikilinin dəqiq təyinatı ilə bağlı araşdırmalarını davam etdirirlər. Hər nə olursa olsun, bu hadisə tarixə zəlzələ nəticəsində ortaya çıxan ilk qədim memarlıq sirlərindən biri kimi düşə bilər.
Paşa Məmmədli
Şərhlər