Xəbər lenti

FTB-nin keçmiş rəhbəri Trampı öldürməyə çağırışda şübhəli bilinir - Şifrə 8647...
Dünya 12:15 16.05.2025

FTB-nin keçmiş rəhbəri Trampı öldürməyə çağırışda şübhəli bilinir - Şifrə 8647...

ABŞ hüquq-mühafizə orqanlarının nümayəndələri cümə axşamı bildiriblər ki, keçmiş Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Kominin Instagram-da paylaşdığı 8647 rəqəmini əks etdirən foto prezident Donald Trampa qarşı təhdid kimi araşdırılır.

Qaynarinfo xəbər verir ki, fotoşəkildə çimərlikdə balıqqulaqları ilə düzülmüş 8647 rəqəmi əks olunub və Komi onu belə şərh edib:
 
"Çimərlikdə gəzintim zamanı tapdığım əla balıqqulaqları”.

Lakin Trampın tərəfdarları bu rəqəmləri prezidentə qarşı çağırış kimi şərh ediblər. ABŞ-ın şifahi dilində "86” ifadəsi birini zorla uzaqlaşdırmaq və ya yox etmək anlamında işlədilir. "47” isə ABŞ-ın 47-ci prezidenti olan Trampa istinad sayılır. Beləliklə, bəzi istifadəçilər "8647” şifrəsini "Trampı zorla uzaqlaşdırmaq və ya öldürmək” çağırışı kimi yozublar.

Komiyə təzyiqlərdən sonra o, paylaşımı silib və bildirib:

"Bu sadəcə siyasi bir mesaj idi və mən bunun zorakılıqla əlaqələndiriləcəyini düşünməmişdim. Mən hər cür zorakılığa qarşıyam, buna görə də paylaşımı sildim”.

Tramp administrasiyasının keçmiş rəsmisi, Ağ Evin Aparat rəhbərinin müavini Den Skavino bu paylaşımı açıq şəkildə təhlükəli çağırış kimi dəyərləndirib.

Daxili Təhlükəsizlik naziri Kristi Noem isə bildirib ki, səfirliklərə və dövlət rəhbərlərinə nəzarət edən Gizli Xidmət bu məsələni ciddi şəkildə araşdırır və lazımi tədbirlər görüləcək.

Xatırladaq ki, Ceyms Komi Trampın prezidentliyinin ilk ilində, 2017-ci ilin mayında vəzifəsindən azad edilmişdi. Tramp onu 2016-cı il seçkiləri zamanı Rusiya ilə mümkün əlaqələri araşdırdığına görə işdən çıxarmışdı.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->