Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı ilə bağlı Ukrayna cəbhəsində atəşkəs elan edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, atəşkəs aprelin 11-dən aprelin 12-si günün sonunadək qüvvədə olacaq. Moskva Ukrayna tərəfinin də bu addımı dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Qeyd olunub ki, Putin Rusiya Silahlı Qüvvələrinə atəşkəs müddətində döyüş əməliyyatlarını dayandırmaq, eyni zamanda mümkün hücumlara cavab verməyə hazır olmaq tapşırığı verib.
Konfliktoloq Azər Hüseynov Qaynarinfo-ya müsahibəsində bildirib ki, Putinin Pasxa ilə bağlı Ukrayna cəbhəsində atəşkəs elan etməsi ilk baxışda humanitar jest kimi görünə bilər:
"Amma bu cür addımları təkcə dini və ya insani motivlərlə izah etmək kifayət etmir. Bu, daha çox böyük siyasi oyunun içində verilmiş hesablanmış qərardır və İran–ABŞ xəttində yaranan gərginliklə paralel şəkildə oxunmalıdır. Əslində son illərdə aydın görünür ki, müharibələr və siyasi gərginliklər artıq lokal çərçivədə qalmır. Bir regionda baş verən proses digər regionda verilən qərarların tonuna birbaşa təsir edir. Bu baxımdan Ukrayna ilə Yaxın Şərq arasında birbaşa əlaqə olmasa da, dolayı təsir çox güclüdür. Böyük güclər resurslarını və diqqətini bölüşdürərkən bir cəbhədə fasilə verib, digər cəbhədə aktivləşməyi seçə bilirlər.
Bu kontekstdə Donald Tramp ilə Vladimir Putin arasında maraqlı davranış paralelliyi ortaya çıxır. Hər ikisi klassik, uzunmüddətli planlardan çox, situasiyaya uyğun ani və çevik qərarlara üstünlük verir. Bu isə beynəlxalq münasibətləri daha qeyri-sabit və proqnozlaşdırılması çətin bir hala gətirir. Yəni bir gün atəşkəs elan edən tərəf, növbəti gün tam fərqli istiqamətdə addım ata bilər. Yaxın Şərqdə İran üzərindən formalaşan təsir sahəsi burada açar rol oynayır. Əgər ABŞ və İsrail bölgədə istədikləri nəticəni əldə edə bilməsələr, bu, təkcə regional balansı deyil, qlobal güc bölgüsünü də dəyişə bilər. Belə bir vəziyyətdə Çin kimi güclərin daha səssiz, amma təsirli şəkildə mövqeyini genişləndirməsi ehtimalı artır. Bu isə dolayısı ilə Rusiya üçün daha əlverişli mühit yaradır".
Ekspertin fikrincə, burada vacib məqam ondan ibarətdir ki, Rusiya üçün Ukrayna müharibəsi təkcə ərazi məsələsi deyil, həm də Qərblə uzunmüddətli qarşıdurmanın bir hissəsidir:
"Əgər Qərb eyni anda həm Yaxın Şərqdə, həm də Ukraynada tam gücü ilə aktiv ola bilməzsə, bu, Rusiyaya manevr imkanı yaradır. Ona görə də belə atəşkəslər bəzən qarşı tərəfin diqqətinin harada cəmləndiyini yoxlamaq üçün də istifadə olunur. Digər tərəfdən, Trampın siyasəti bu prosesi daha da mürəkkəbləşdirir. Onun yanaşmasında ardıcıl xəttdən çox situativ qərarlar üstünlük təşkil edir. Bu isə ABŞ-ın bir anda prioritetlərini dəyişə biləcəyi ehtimalını artırır. Yaxın Şərqdə itirilən təsirin Ukraynada kompensasiya olunması da istisna deyil. Belə bir dönüş baş verərsə, mövcud atəşkəs çox qısa müddətdə pozula bilər. Hərbi baxımdan isə vəziyyət daha sadə və realdır. Uzun müddət davam edən döyüşlər Rusiya ordusunu ciddi şəkildə yormuşdur. Canlı qüvvə, texnika və psixoloji faktorlar baxımından fasiləyə ehtiyac yaranır. Bu tip atəşkəslər çox vaxt strateji yox, taktiki məqsəd daşıyır - qüvvələrin bərpası, nəfəs dərmək və növbəti mərhələyə hazırlaşmaq üçün. Eyni vəziyyət müəyyən qədər Ukrayna üçün də keçərlidir.
Bütün bunları nəzərə aldıqda belə nəticəyə gəlmək olar: bu atəşkəsin taleyi cəbhə xəttindən daha çox qlobal səviyyədə verilən siyasi qərarlardan asılıdır. Yəni məsələ təkcə Rusiya və Ukrayna arasında deyil, daha geniş güc balansının bir hissəsidir. Ona görə də bu cür atəşkəslərə ehtiyatla yanaşmaq lazımdır. Bunlar çox vaxt sülhün başlanğıcı yox, böyük qarşıdurma içində qısa fasilələr olur".
Azər Hüseynov bildirib ki, Ukrayna müharibəsində Qərbin rolu danılmazdır, lakin bu rolun real hərbi gücə çevrilməsi əsasən ABŞ-dan asılıdır. Əvvəlcə qeyd etmək lazımdır ki, müharibənin ilk mərhələsində Ukraynanın müqavimət qabiliyyətinin qorunmasında NATO və ümumilikdə Qərb ölkələrinin dəstəyi mühüm rol oynadı:
"Kəşfiyyat məlumatlarının paylaşılması, maliyyə yardımları və müxtəlif silah sistemlərinin verilməsi Ukraynanın sürətli şəkildə çökməsinin qarşısını aldı. Xüsusilə müasir silahların tədarükü cəbhədə müəyyən balans yaratdı. Lakin əsas məsələ bu dəstəyin strukturudur. Qərb daxilində hərbi yük bərabər paylanmır. ABŞ bu prosesdə həm texnoloji, həm maliyyə, həm də hərbi baxımdan əsas dayağı təşkil edir. Digər Qərb ölkələri - istər Avropa dövlətləri, istərsə də ayrı- ayrı üzvlər - daha çox tamamlayıcı rol oynayır. Onların verdiyi dəstək əhəmiyyətlidir, lakin miqyas və keyfiyyət baxımından ABŞ ilə müqayisə oluna bilməz.
Burada belə bir reallıq ortaya çıxır: NATO-nun kollektiv gücü kağız üzərində böyük görünsə də, praktikada onun mərkəzində ABŞ dayanır. ABŞ olmadan bu strukturun operativ və təsirli şəkildə işləməsi xeyli çətinləşir. Avropa ölkələrinin hərbi büdcələri uzun illər ya məhdud olub, ya da əsasən müdafiə xarakterli planlara yönəlib. Bu səbəbdən genişmiqyaslı müharibə şəraitində onların təkbaşına uzunmüddətli və intensiv dəstək verməsi çətindir.
Digər tərəfdən, Qərbin Ukraynaya verdiyi silahların da müəyyən həddi var. Bu silahlar müharibənin gedişinə təsir göstərsə də, həlledici üstünlük yaratmaq üçün kifayət etmir. Xüsusilə uzaqmənzilli və yüksək texnoloji sistemlərdə ABŞ-ın rolu əvəzolunmazdır. Bu gün NATO rəhbərliyi və Qərb elitaları Donald Tramp kimi fiqurların mövqeyini dəyişmək və ABŞ-ın Ukrayna məsələsində aktiv qalmasını təmin etmək üçün müxtəlif yollar axtarır. Çünki ABŞ-ın dəstəyi olmadan mövcud strategiyanın davam etdirilməsi çətinləşir. Vacib məqamlardan biri də odur ki, Avropa ölkələri son illərdə hərbi potensiallarını artırmaqdan danışsalar da, bu, qısa müddətdə nəticə verəcək proses deyil. Hərbi sənaye, logistika və kadr hazırlığı uzunmüddətli sistem tələb edir. Buna görə yaxın perspektivdə ABŞ-ın yerini doldurmaq mümkün görünmür. Beləliklə, NATO və Qərbin dəstəyi Ukraynanın müqavimətində mühüm rol oynayıb, lakin bu dəstəyin real hərbi gücə çevrilməsi əsasən ABŞ-dan asılıdır. ABŞ olmadan bu struktur daha çox maliyyə və məhdud silah yardımı verən platforma kimi qalır və həlledici hərbi güc statusunu əhəmiyyətli dərəcədə itirir. Burada əsas sual açıq qalır: ABŞ bu prosesdə əvvəlki səviyyədə qalacaqmı, yoxsa prioritetlərini dəyişəcək? Uzunmüddətli perspektivdə bu müharibə Şərqi Avropa və qlobal təhlükəsizlik balansına necə təsir edə bilər? Əgər ABŞ əvvəlki roluna qayıtmasa, uzunmüddətli perspektivdə Şərqi Avropanın mərhələli şəkildə Rusiyanın təsir dairəsinə yaxınlaşması ehtimalı yarana bilər. Lakin bu proses sürətli və birbaşa dönüş kimi deyil, tədrici və çoxqatlı təsir genişlənməsi kimi başa düşülməlidir.
Şərqi Avropanın təhlükəsizlik arxitekturası son 30 ildə əsasən NATO üzərində qurulub. Bu sistemin mərkəzində isə ABŞ dayanır. Əgər ABŞ bu sistemdəki aktiv rolunu azaldarsa, yaranacaq boşluğu Avropa ölkələrinin qısa müddətdə doldurması real görünmür. Bu isə təhlükəsizlik zəmanətlərinin zəifləməsi deməkdir. Belə boşluqlar isə digər güclər üçün imkan yaradır. Rusiya tarixən birbaşa hərbi müdaxilədən daha çox siyasi təsir, enerji asılılığı və informasiya mühiti vasitəsilə mərhələli genişlənməyə üstünlük verib. Bu isə daha davamlı nəticələr yarada bilir. Şərqi Avropa ölkələrinin bir çoxu NATO üzvü olsa da, onların daxili sabitliyi və iqtisadi dayanıqlığı eyni səviyyədə deyil. ABŞ-ın zəifləyən rolu fonunda bu ölkələrdə təhlükəsizlik narahatlığı artdıqca iki istiqamət formalaşır: ya hərbi potensial gücləndirilir, ya da gərginliyi azaltmaq üçün daha praqmatik yanaşma seçilir. İkinci yanaşma isə zamanla təsir dairəsinin genişlənməsinə şərait yarada bilər. Enerji faktoru da burada mühüm rol oynayır. Rusiya uzun illər Avropaya enerji vasitəsilə təsir imkanları qurub. Bu asılılıq azaldılsa da, tam aradan qalxmayıb. ABŞ-ın zəifləyən rolu fonunda enerji yenidən siyasi alətə çevrilə bilər.
Digər mühüm məqam psixoloji təsirdir. Təhlükəsizlik zəmanətlərinə inam azaldıqca siyasi qərarlar dəyişir. "Qərb bizi qoruyacaqmı?” sualı belə strateji istiqamətləri yenidən formalaşdıra bilər. Qlobal miqyasda isə bu proses daha geniş nəticələr doğura bilər. Şərqi Avropada güc balansının dəyişməsi beynəlxalq sistemin ümumi strukturuna təsir edər və Çin kimi güclərin daha geniş manevr imkanları əldə etməsinə şərait yaradar. Dünya daha çoxqütblü və parçalanmış sistemə doğru yönələ bilər. Bununla belə, bu ssenari qaçılmaz deyil. Avropa ölkələrinin hərbi inteqrasiyanı gücləndirməsi və müdafiə xərclərini artırması bu tendensiyanı zəiflədə bilər. Lakin bunun üçün həm vaxt, həm də güclü siyasi iradə tələb olunur".
"Sülh danışıqları üçün real şərtlər nədir və tərəflər arasında kompromis ehtimalı nə dərəcədə real görünür” sualına cavab verən təhlilçi vurğulayıb ki, yorğunluq, reallığın qəbul edilməsi və qarşılıqlı zəmanətlər -sülh danışıqlarının əsas minimum şərtlərini təşkil edir. Lakin bu anlayışların hər birinin arxasında daha mürəkkəb proseslər dayanır:
"Əvvəlcə yorğunluq faktoruna nəzər salaq. Müharibələr adətən tərəflərdən biri tam məğlub olduqda deyil, hər iki tərəf davam etməyin xərclərinin faydadan daha yüksək olduğunu anladıqda dayanır. Bu yorğunluq yalnız cəbhədəki itkilərlə ölçülmür; iqtisadi təzyiq, sosial gərginlik və siyasi legitimlik problemləri də bu prosesə təsir edir. Rusiya üçün bu, uzunmüddətli sanksiyalar və itkilər deməkdirsə, Ukrayna üçün davamlı dağıntılar və resurs çatışmazlığı deməkdir. İkinci mərhələ reallığın qəbul edilməsidir. Müharibələrdə cəbhədəki vəziyyətlə siyasi iddialar çox vaxt üst-üstə düşmür. Tərəflər uzun müddət maksimal tələblərindən geri çəkilmək istəmir. Halbuki danışıqlar üçün əsas sual budur: mövcud vəziyyət nədir və onu dəyişmək nə dərəcədə realdır? Üçüncü şərt qarşılıqlı zəmanətlərdir. Tarix göstərir ki, sadə atəşkəs razılaşmaları uzunmüddətli olmur. Tərəflər gələcəkdə hücum olmayacağına dair real təminatlar istəyir. Bu isə beynəlxalq mexanizmlər və etibarlı nəzarət sistemləri tələb edir. Ən kritik məqam isə budur: tam sülh çox vaxt yalnız tərəflərdən birinin müəyyən güzəşti ilə mümkündür. Əks halda, vəziyyət "dondurulmuş münaqişə” kimi qalır və gələcəkdə yenidən alovlanma riski davam edir. Güzəşt məsələsi yalnız hərbi deyil, həm də daxili siyasi problemdir. Çünki hər bir güzəşt ictimaiyyətə izah edilməlidir, əks halda bu, siyasi böhrana səbəb ola bilər.
Digər tərəfdən, böyük güclərin mövqeyi də həlledici rol oynayır. Əgər onlar münaqişənin davam etməsində maraqlıdırsa, kompromis çətinləşir; əksinə, təzyiq artdıqda razılaşma ehtimalı yüksəlir. Nəticə etibarilə, sülh üçün real zəmin yalnız tərəflər fiziki, iqtisadi və psixoloji baxımdan yorulduqda, reallığı qəbul etdikdə və qarşılıqlı zəmanətlər formalaşdıqda yaranır. Lakin bu, avtomatik olaraq tam sülh demək deyil - tam sülh üçün siyasi güzəşt qaçılmazdır. Bu səbəbdən hazırkı şəraitdə kompromis mümkündür, lakin asan deyil. Daha real senari uzunmüddətli, lakin kövrək atəşkəs modelidir.
Siyasət şöbəsi
Şərhlər