Xəbər lenti

Aİ-də yay səyahətləri təhlükə altında: Aviasiya yanacağı sürətlə tükənir
Dünya 14:12 10.04.2026

Aİ-də yay səyahətləri təhlükə altında: Aviasiya yanacağı sürətlə tükənir

Avropada aviasiya yanacağı qıtlığı yaranır: yeni tədarüklər olmazsa, bəzi ölkələrdə ehtiyatlar 8–10 günə kifayət edə bilər və yay aviasiya mövsümü risk altına düşür.

Qaynarinfo xəbər verir ki, "Corriere della Sera”nın məlumatına görə, bir sıra ölkələrdə kerosin ehtiyatları artıq 8–10 günə tükənə bilər. Ümumilikdə mövcud ehtiyatlar, Yaxın Şərqdən son tədarüklər nəzərə alınsa belə, yalnız may ayının ikinci və ya üçüncü ongünlüyünə qədər kifayət edə bilər.

Avropa strukturlarındakı mənbələr bildirir ki, yalnız iki ölkədə 90 günlük ehtiyat mövcuddur, əksər dövlətlər isə böhran şəraitində bir aydan çox dayana bilməz. Şərqi Avropanın bəzi ölkələrində vəziyyət daha da kritikdir və ehtiyatların iki həftədən az müddətdə bitə biləcəyi qeyd olunur. Buna baxmayaraq, problem rəsmi şəkildə geniş şəkildə şərh edilmir.

Vəziyyəti daha da ağırlaşdıran amil Avropanın idxaldan yüksək asılılığıdır: aviasiya yanacağının təxminən 43 faizi Yaxın Şərqdən gəlir. Hörmüz boğazı ətrafında tanker hərəkətində yaranan pozuntular fonunda tədarüklər kəskin azalıb. Eyni zamanda Avropadakı neft emalı zavodları maksimal gücdə işlədiyi üçün istehsalın sürətlə artırılması mümkün deyil.

Məlumata görə, bəzi hava limanlarında artıq təyyarələrin yanacaqla təmin edilməsinə məhdudiyyətlər tətbiq olunur və ya müntəzəm reyslərə prioritet verilir, özəl uçuşlara isə xidmət göstərilmir. Təchizatçılar və aviaşirkətlər arasındakı daxili yazışmalar da resurs çatışmazlığı ilə bağlı gərginliyin artdığını göstərir.

May ayı həlledici ola bilər: yeni tədarüklər gəlməsə, ölkələr strateji ehtiyatlardan istifadə etməyə başlayacaq, bundan sonra isə bəzi hava limanlarında yanacaq təchizatına məhdudiyyətlər və ya dayandırılma riski yarana bilər. İtaliyada ilkin hesablamalara görə, ehtiyatlar 30–60 günə kifayət edir və Assaeroporti rəhbəri Karlo Borqomeo onların ən azı mayın sonuna qədər yetərli olduğunu bildirib.

Əlavə risk faktoru logistika ilə bağlıdır: Hörmüz boğazında vəziyyət sabitləşsə belə, tankerlərin Avropaya çatdırılmasına həftələr, iri tankerlər üçün isə iki aya qədər vaxt lazım ola bilər. Bundan əlavə, daşımalar üzrə sığorta xərclərinin kəskin artdığı bildirilir.

Hazırda Avropa İttifaqı üçün yeganə alternativ ABŞ-dan tədarükdür, lakin onun qiyməti və şərtləri hələ məlum deyil. Brüsseldə yaxın günlərdə ehtiyatların real həcmi qiymətləndiriləcək və böhranı yumşaltmaq üçün, o cümlədən ölkələr arasında yanacağın bölüşdürülməsi mexanizmləri müzakirə olunacaq.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgensen bildirib ki, İran müharibəsi səbəbindən enerji daşıyıcılarının təchizatında uzunmüddətli fasilələrə hazırlaşmaq lazımdır. Brüssel xüsusilə aviasiya yanacağı və dizel təchizatından narahatdır.

Eyni zamanda İtaliyanın ən böyük hava limanlarından birində yanacağın tükəndiyi və bunun uçuşların ləğvinə səbəb olduğu bildirilir. Rəsmilər isə qıtlığın müvəqqəti olduğunu və İran müharibəsi və ya Hörmüz boğazının bağlanması ilə deyil, Pasxa bayramı dövründə tələbatın artması ilə bağlı olduğunu deyiblər.

"Business Insider” isə aviaşirkətlərin yanacaq qıtlığı və qiymət artımı səbəbindən kütləvi şəkildə uçuşları ləğv etdiyini yazıb.

Aydın

--> -->