Xəbər lenti

Çin və Homindan liderləri sülh şəraitində yaşamaq barədə razılığa gəldi
Dünya 12:50 10.04.2026

Çin və Homindan liderləri sülh şəraitində yaşamaq barədə razılığa gəldi

Çin Xalq Respublikasının sədri Si Szinpin 10 aprel tarixində Tayvanın əsas müxalifət partiyası olan Homindanın lideri Çjen Liveni qəbul edib. 

Qaynarinfo xəbər verir ki, Pekin əvvəllər də bu siyasi qüvvənin nümayəndələrini qəbul etsə də, 2016-cı ildən bəri heç bir hazırkı partiya rəhbəri Si Szinpinlə görüşməmişdi. Görüş zamanı tərəflər Tayvan boğazının hər iki sahili arasında sülhün qorunmasının vacibliyini vurğulayıblar.

Si Szinpin bildirib ki, iki partiyanın rəhbərləri bu gün ümumi vətənin sülh və sabitliyini qorumaq, Tayvan boğazı boyunca münasibətlərin dinc inkişafına töhfə vermək və gələcək nəsillərə parlaq və gözəl bir gələcək təmin etmək üçün görüşürlər.

O, həmçinin Tayvan boğazının hər iki tərəfində yaşayan soydaşların yaxınlaşmasının və birləşməsinin "tarixi qaçılmazlıq” olduğunu qeyd edib.

Homindan lideri Çjen Liven isə tərəflərin Çin sivilizasiyasının dirçəlişi layihəsini birlikdə həyata keçirə biləcəyini bildirib. Onun sözlərinə görə, Tayvan və Çin fərqli siyasi sistemlərdə yaşasa da, tərəflər bir-birinə hörmət etməli və yaxınlaşma istiqamətində hərəkət etməlidir.

Çin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir. 2016-cı ildə Tayvanda müstəqillik meyilli Demokratik Tərəqqi Partiyası (DPP) hakimiyyətə gəldikdən sonra Pekin ada administrasiyası ilə rəsmi təmasları dayandırmışdı. Hazırkı Tayvan rəhbərliyi Pekində "təhlükəli separatçı” kimi xarakterizə olunur.

Homindan isə ənənəvi olaraq Çinlə daha yaxın münasibətlərin tərəfdarıdır. Ekspertlərin fikrincə, bu görüş ABŞ prezidenti Donald Trampın Çinə səfərindən təxminən bir ay əvvəl baş tutub və Pekinin Vaşinqtonun Tayvana silah satışlarını azaltmasına təsir göstərmək cəhdləri ilə də əlaqələndirilə bilər.

Aydın

--> -->