Xəbər lenti

Siyasət 15:18 14.03.2025

"Ermənilər belə görünüşlə beynəlxalq ictimaiyyəti aldatmaq istəyir" - Sabiq nazir

"Bu sənədə qol çəkməyə, parlamentin müzakirəsinə təqdim etməyə ehtiyac yoxdur. Yalnız iki nazir arasında bununla bağlı bir bəyanat qəbul edə bilərlər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşmasını şərh edərkən deyib.
  
Həmsöhbətimizin fikrincə, əldə edilən bu razılaşma müsbət hadisədir:

"İki ölkə arasında gələcək münasibətlərin əsaslarını müəyyən edən çərçivə sülh sazişdən söhbət gedir. Onun da məqsədi hansısa prinsipləri müəyyən etmək, gələcək sülh prosesinin əsas prinsiplər çərçivəsini yaratmaqdır. Sənəddə də BMT-nin prinsipləri öz əksini tapıb. Yəni gələcək sülh prosesi beynəlxalq qanunlara, BMT nizamnaməsinə uyğun olaraq müəyyən olunmalıdır. 26 il ərzində prinsipləri razılaşdırmayıblar. İndi isə 4 il ərzində Ermənistan siyasi təzyiq nəticəsində həmin prinsipləri qəbul edib. İndi müxtəlif treklər əsasında danışıqlar başlayacaq. Kommunikasiyalar məsələsi üzrə danışıqlar gedir. Baş nazirlərin müavinləri səviyyəsində də bir neçə görüş olub". 
 


Tofiq Zülfüqarov bu görüşlərə Türkiyənin də qoşulacağını istisna etmir:

"Ehtimal var ki, Türkiyə də bu görüşə qoşulacaq. Sonra delimitasiya və demarkasiya kommisiyaların işi davam edir. Humanitar məsələlər də müzakirə edilir. Yəni təzminat, siyasi məsuliyyət, cinayətkarların məsuliyyətə cəlb edilməsi, itkin düşmüşlərin taleyinin müəyyən olunması məsələləri gəlir. İrəvan bu məsələdən boyun qaçırmaq üçün sənədə elə don geyindirir ki, sanki sülhə nail oldular və məsələ bitdi. Halbuki hələ bitməyib. Hələ cavab verəcəklər".

Sabiq XİN rəhbəri sənədə qol çəkməyə ehtiyac görmür:

"Onu parlamentin müzakirəsinə verməyə də ehtiyac yoxdur. Yalnız iki nazir arasında bununla bağlı bir bəyanat qəbul edə bilərlər. Əsas sənəd isə yekun sənədidir ki, onun da üzərində iş gedir. Ermənilər belə görünüşlə beynəlxalq ictimaiyyəti aldatmaq istəyir. Onların oyununa getməməliyik".

Qeyd edək ki, Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. 

"Biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb. Buna görə, mətn üzrə işlərin yekunlaşdırılmasını biz qeyd edə bilərik”, deyə o qeyd edib. 

Nazirin sözlərinə görə, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılması baş tutsun:

"Əlavə olaraq, keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və onun digər təchizatlarının da ləğv olunması vacib amildir”".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->