Xəbər lenti

Trampın məktubuna cavab: Tehran Vaşinqtonla birbaşa təmasdan çəkinir, lakin...
Dünya 18:38 28.03.2025

Trampın məktubuna cavab: Tehran Vaşinqtonla birbaşa təmasdan çəkinir, lakin...

"Bu, onu deməyə əsas verir ki, İran ABŞ ilə diplomatik ünsiyyətin tam olaraq ortadan qalxmasını istəmir".

Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Azər Hüseynov İran tərəfinin ABŞ prezidenti Donald Trampın məktubuna cavabını şərh edərkən deyib.

Ekspertin fikrincə, İran tərəfi hesab edir ki, əlində olan kartlar hələ ona ABŞ-la razılığa gəlməyə imkan verir:

"Hazırkı mərhələdə Tehran Vaşinqtonla birbaşa təmas qurmaqdan çəkinir, lakin tamamilə ünsiyyəti kəsmək də istəmir. Bunun əsas səbəblərindən biri İranın regionda mövcudluğunu və təsir gücünü qorumaq üçün diplomatik manevr imkanlarını açıq saxlamaq istəyidir”.  

Konfliktoloq deyir ki, İranın əlində olan əsas təsir vasitələri onun regiondakı proksi qüvvələridir:

"Tehran bu qüvvələrin fəaliyyətini ya məhdudlaşdıra, ya da bəzi hallarda tamamilə dayandıra bilər. Bu isə ABŞ ilə danışıqlarda müəyyən güzəştlər əldə etmək üçün bir rıçaq rolunu oynayır. İranın bu kartlardan istifadəsi təkcə təhlükəsizlik aspektinə deyil, həm də iqtisadi və siyasi amillərə bağlıdır. ABŞ-ın tətbiq etdiyi sanksiyalar İran iqtisadiyyatına ciddi təsir edir və Tehran bu sanksiyaların yumşaldılması üçün müxtəlif yollar axtarır. Bu baxımdan, regional proksi qrupların idarə olunması İran üçün bir növ diplomatik alver vasitəsinə çevrilir”.  
 


Digər tərəfdən, ekspertə görə, İran ABŞ ilə birbaşa əlaqədən qaçmaqla özünün dövlət simasını qorumağa çalışır:

"Çünki son dövrlərdə Vaşinqtonun Tehranla bağlı ritorikası olduqca sərtləşib və İran açıq şəkildə ABŞ qarşısında zəif görünmək istəmir. Dövlətin legitimliyini və nüfuzunu qorumaq İranın daxili və xarici siyasətində əsas məsələlərdən biridir. Bu səbəbdən, Tehran üçün birbaşa danışıqların alternativi vasitəçilər üzərindən diplomatik əlaqə saxlamaqdır”.

Vasitəçilərin cəlb edilməsi isə A. Hüseynovun fikrincə, prosesin gedişində yeni maraqlı tərəflərin ortaya çıxması deməkdir:

"Məsələn, Avropa ölkələri, Rusiya, Çin və bəzi ərəb dövlətləri İran-ABŞ münasibətlərində vasitəçilik etməyə çalışırlar. Bu isə Tehran üçün həm siyasi, həm də iqtisadi baxımdan əlavə manevr imkanları yaradır. Beləliklə, İran strateji olaraq vasitəçilər üzərindən diplomatiya aparmaqla həm danışıqlara açıq olduğunu nümayiş etdirir, həm də birbaşa təmaslardan çəkinərək öz siyasi mövqeyini qoruyur”.

Qeyd edək ki, İran tərəfi ABŞ Prezidenti Donald Trampın məktubunun cavabını Oman vasitəsilə Vaşinqtona göndərib. Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi IRNA-ya müsahibəsində bildirib.

"Bu rəsmi cavab məktubunda mövcud vəziyyətlə bağlı fikirlərimiz tam şəkildə izah edilib və qarşı tərəfə məlumat verilib", - İran XİN rəhbəri vurğulayıb.

Nazir əlavə edib ki, "İranın siyasəti maksimum təzyiq və hərbi təhdidlər şəraitində birbaşa danışıqlardan çəkinməkdir. Lakin dolayı yolla danışıqlar, əvvəlki təcrübələrdə olduğu kimi, davam edə bilər".

Xatırladaq ki, Tramp İran dini liderinə fevralın əvvəlində məktub ünvanlamışdı. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->