Son illərdə hava nəqliyyatına tələbatın artması aviaşirkətləri daha böyük və daha çox sərnişin daşıya bilən təyyarələrə yönəldib. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) 2026-cı ilin yanvar ayına dair məlumatına görə, sərnişin axını illik müqayisədə 3,8% artaraq 774 milyard sərnişin-kilometrə (RPK) çatıb. Yaxın aylarda isə qlobal tutumun daha 5,2% artacağı gözlənilir.
Qaynarinfo xəbər verir ki, "Simple Flying” resursu ən böyük sərnişin tutumuna malik altı təyyarəni təqdim edib.
6. Airbus A330-900neo – 460 sərnişinədək
Bu model müasir iki mühərrikli geniş gövdəli təyyarələrdən biridir. Maksimum 460 sərnişin daşıya bilsə də, adətən təxminən 310 nəfərlik konfiqurasiyada istifadə olunur. Ən böyük operatoru "Delta Air Lines” şirkətidir. Uçuş məsafəsi 13 min kilometrdən çoxdur.
5. Airbus A350-1000 – 480 sərnişinədək
A350 ailəsinin ən böyük versiyasıdır və A350-900 modelindən 7 metr uzundur. Standart üç sinifli yerləşdirmədə 375–400 sərnişin qəbul edir, sıx konfiqurasiyada isə 480 nəfərə qədər artırıla bilər. İlk dəfə 2018-ci ildə "Qatar Airways” tərəfindən istismara verilib.
4. Boeing 747-8 Intercontinental – 605 sərnişinədək
Bu model dünyanın ən uzun kommersiya təyyarəsi hesab olunur. 2011-ci ildə ilk uçuşunu həyata keçirib. Standart yerləşdirmədə 467 sərnişin daşıyır, maksimum isə 605 nəfərə qədər artırıla bilər. İlk müştərisi "Lufthansa” olub.
3. Boeing 777-300/300ER – 550 sərnişinədək
Uzaq məsafəli uçuşlar üçün əsas modellərdən biri olaraq qalır. Üç sinifli konfiqurasiyada təxminən 368 sərnişin daşıyır, sıx yerləşdirmədə isə 550 nəfərə qədər artır. 777-300ER versiyası təxminən 13 500 km məsafəni qət edə bilir.
2. Boeing 747-400 – 660 sərnişinədək
"Göylərin kraliçası” kimi tanınan bu model seriyanın ən uğurlu versiyasıdır. Standart konfiqurasiyada təxminən 416 sərnişin daşıyır. Yüksək sıxlıqla yerləşdirmə zamanı bu rəqəm 660 nəfərə qədər yüksələ bilər.
1. Airbus A380-800 – 853 sərnişinədək
Reytinqin lideri dünyanın ən böyük sərnişin təyyarəsi sayılan A380-800-dür. İki tam uzunluqlu sərnişin göyərtəsinə malik yeganə kommersiya reaktiv təyyarəsidir. Maksimum 853 sərnişin daşıya bilir. Praktikada isə əksər aviaşirkətlər 489–555 nəfərlik daha komfortlu konfiqurasiyaya üstünlük verir.
Bu model "Emirates”, "Singapore Airlines” və "British Airways” kimi iri aviaşirkətlər tərəfindən uzun məsafəli marşrutlarda geniş istifadə olunur.
Aydın
Şərhlər