Rusiya Rəşt-Astara dəmir yolunun İrandan keçən hissəsinin tikintisinə 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayıracaq.
Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak deyib. Layihənin ümumi dəyəri 1,6 milyard avro qiymətləndirilir. Dəmir yolunun tikintisi ilə bağlı saziş mayın 17-də Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisinin iştirakı ilə imzalanıb. Novakın sözlərinə görə, dövlətlərarası kreditdə Rusiyanın payı 85% təşkil edir. Dəmir yolu ilə yük dövriyyəsinin həcmi ildə ən azı 15 milyon ton olmalıdır. Rəşt-Astara dəmir yolu Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir, bu marşrut Rusiya Federasiyasına Yaxın Şərq və Hindistan ətrafı ölkələri ilə ticarət üçün Fars körfəzindəki İran limanlarına çıxış əldə etməyə imkan verir. Dəmir yolunun tikintisi başa çatmaqda olan hissəsinin 2025-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır.
Azərbaycan bu layihədə hansı yeri tutur? Layihənin ölkəmiz üçün hansı siyasi və iqtisadi önəmi olacaq?
Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, Azərbaycanın layihədə iştirakı olmazsa, ora qoyulan kapital qoyuluşunun heç bir səmərəsi də olmayacaq:
"Layihənin dəyəri 1,6 milyard avrodur ki, onun da 85 faizini, yəni 1,3 milyard avronu Rusiya öz maliyyə imkanları ilə ödəyəcək. Yerdə qalan hissəsini isə İran maliyyələşdirəcək. Rəşt-Astara dəmir yolu Şimal-Cənub loqistika xəttinin önəmli hissəsidir. Bu layihənin gerçəkləşməsində Azərbaycanın iştirakı mütləq şəkildə vacibdir. Bakının iştirakı olmasa layihənin aktuallığı ümumiyyətlə itəcək. Hazırda ən əlverişli elastik dəhliz məhz Azərbaycan üzərindən keçib gedən yoldur”.
Layihə həyata keçərsə, həmsöhbətimizə görə, Azərbaycan tranzit və yük aşırma imkanlarından səmərəli istifadə etmək imkanı qazanacaq:
"Bu da ölkəmizin qeyri-neft sektorundan gələn gəlirlərinin daha da artmasına rəvac verəcək. Təkcə cari ilin altı ayında ölkəmizdə yük aşırma səviyyəsi keçən ilin müvafiq dövrünə nisbətən 80 faiz artıb. Bu faktiki olaraq Azərbaycanın indiyə kimi, reallaşan layihələrdən əldə etdiyi gəlirlərin sübutudur. Siyasi baxımda isə layihə Azərbaycanın həm tanınmasına xidmət edəcək, həm də dayanıqlı tərəfdaş kimi imicinin artmasına səbəb olacaq”.
F.İbrahimovun fikrincə, Rusiyanın mövcud vəziyyətində sözügedən layihə Qərb üçün ciddi əhəmiyyət kəsb etmir: "Qərb bu layihəyə heç də birmənalı yanaşmır. Nəzərə alaq ki, Şimal-Cənub dəhlizinin əsas ixracatçı ölkəsi Rusiya hesab olunur. Ancaq xammal ehtiyatı üzrə dünyanın ən vacib ölkəsi olan Rusiyanın gələcəyi hələlik bəlli deyil. Bir məsələni nəzərə almaq lazımdır ki, dünya ölkələri tərəfindən Rusiya və İrana münasibətdə sanksiyalar davamlı olarsa, ümumiyyətlə bu layihə baş tutmaya da bilər. Bütün hallarda düşünürəm ki, sözügedən layihə Qərb üçün də aktual ola bilər”.
Rüfət Sultan
Şərhlər