Xəbər lenti

Britaniyada Rusiyanın Ukraynadakı müharibəsini maliyyələşdirən çirkli pul şəbəkəsi ifşa edildi
Dünya 11:33 22.11.2025

Britaniyada Rusiyanın Ukraynadakı müharibəsini maliyyələşdirən çirkli pul şəbəkəsi ifşa edildi

Böyük Britaniya Rusiyanın Ukraynada apardığı müharibənin maliyyələşdirilməsinə bağlı olan çirkli pul yuma şəbəkəsini üzə çıxarıb.

Qayanrinfo xəbər verir ki, "The Times"ın məlumatına görə, qanunsuz konvertasiya sxemi Birləşmiş Krallığın 28 şəhərində fəaliyyət göstərib. "Destabilləşdirmə" əməliyyatı çərçivəsində 45 şübhəli saxlanılıb, 25 milyon funt-sterlinq dəyərində nağd pul və kriptovalyuta, həmçinin xaricdə 24 milyon dollar və 2,6 milyon avro müsadirə edilib.

Milli Cinayətkarlıq Agentliyinin (NCA) məlumatına görə, ifşa edilən şəxslər Rusiya mənşəli nüfuzlu biznesmenlərlə və rus xüsusi xidmət orqanlarına işləyən casuslarla əlaqəlidirlər.

Hüquq-mühafizə orqanları müəyyən edib ki, bu şəbəkə Rusiya dövlətinə məxsus strukturlar üçün pul yuma xidmətlərinin bir hissəsidir. "The Times" misal kimi Böyük Britaniyada furqon və yük maşınları alaraq onları Ukraynanın şərqində satan, gəliri isə kriptovalyutaya çevirən və 6 milyon funtdan çox məbləği yuyan bir cütlüyü göstərir. Şəbəkənin üzvləri ifşadan əvvəl bir il ərzində bir milyon funtdan çox gəlir əldə edib və Londonda daşınmaz əmlak alıblar.

NCA bildirir ki, qanunsuz pul konvertasiyası geosiyasət və Rusiyanın Ukraynada apardığı müharibə ilə birbaşa əlaqəlidir. Agentliyin iqtisadi cinayətlər üzrə direktor müavini Sel Melki qeyd edib ki, pul yuma sxemləri Rusiyanın müdafiə-sənaye kompleksi ilə bağlı yüksək səviyyəli maliyyə əməliyyatlarında sanksiyalardan yayınmaq üçün istifadə olunur.

Britaniyanın təhlükəsizlik naziri Den Carvis Rusiyanın sanksiyalardan yayınmaq və Ukraynaya qarşı aqressiv müharibəsini maliyyələşdirmək üçün korrupsiya taktikalarından istifadə etdiyini bildirib.

"The Times" yazır ki, britaniyalı müstəntiqlər ötən il Rusiya oliqarxları ilə əlaqəli gizli şəbəkənin ifşasından sonra daha bir çirkli pul yuma xəttini müəyyən ediblər. Həmin şəbəkə qanunsuz vəsaitləri daşınmaz əmlak və kriptovalyutaya çevirib.

Bu həftə Böyük Britaniyanın ərazi suları yaxınlığında sualtı kabelləri xəritələşdirən və ölkənin hərbi təyyarələrinə qarşı təxribat xarakterli hərəkətlər edən rus casus gəmisi qeydə alınıb. Son bir il ərzində Britaniya Rusiya Federasiyasına qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq edərək Rusiyanın hərbi, enerji və maliyyə sektorlarını hədəfə alıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->