"Hər hansı şəkildə mövqe mübadiləsi, kommunikasiyaların yaradılması və bu səpkidə xoşniyyətli fəaliyyətə ehtiyac varsa, Azərbaycan buna hazırdır".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
Sabiq nazir Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığında Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu ifadə etməsini şərh edərkən bildirib ki, dövlət başçısının qarşıdurmada olan hər iki tərəflə münasibətləri çox aktiv və konstruktivdir:
"Ölkəmiz bu məsələdə öz xidmətlərini göstərməyə hazırdır. Qarşıdurma və ya müharibənin qarşısını almaq üçün belə kommunikasiyalar bəzən effektiv olur. Hamı başa düşür ki, müharibədə zərər çəkən yalnız bir tərəf olmur, ziyan qarşılıqlıdır. Fars Körfəzi regionunda gərginliyin azaldılması üçün imkanlar varsa, onlardan istifadə edilməlidir".
Milli Məclisin deputatı Arzuxan Əlizadə də Qaynarinfo-ya açıqlamasında Azərbaycanın rolunu vurğulayıb:
"5 il əvvəl 44 günlük müharibə ilə əldə etdiyimiz möhtəşəm qələbə regiondakı reallıqları dəyişdi. İndi bu reallıqlar onu tələb edir ki, bölgədə baş verən bütün proseslərdə Azərbaycanın dominantlığı nəzərə alınsın. Həm region ölkələri, həm də regiondan kənar güclər artıq bunu qəbul ediblər. Onlar Azərbaycanın siyasi, iqtisadi və hərbi cəhətdən aparıcı dövlət olduğunu dərk edirlər. ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxmaqdadır və regionla bağlı bir çox məsələlər ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidentilə müzakirə olunur. Habelə, İsraillə yaxın münasibətlərimiz, Türkiyə ilə qardaşlıq əlaqələrimiz ölkəmizi regionda əhəmiyyətli dövlətə çevirib".
Deputat əlavə edib ki, Azərbaycan dövlətinin bölgədə baş verə biləcək proseslərə təsir imkanları kifayət qədər yüksəkdir:
"Azərbaycan regiondakı gərginlikdə maraqlı deyil. İranda 40 milyon Azərbaycan türkü yaşayır və rəsmi Bakı orada yaşayan soydaşlarımızın taleyinə biganə deyil. Genişmiqyaslı müharibənin qarşısını almaq üçün addımlar atılmalıdır. Bu kontekstdə Azərbaycanın rolu və əhəmiyyəti yüksəkdir. Azərbaycan yalnız regionda deyil, qlobal səviyyədə də bir çox məsələlərdə iştirak edir. Məsələn, Yaxın Şərqdə və Ukraynaya humanitar yardımların göstərilməsində ölkəmizin iştirakı var".
Partiya sədri bildirib ki, bölgədə Azərbaycanın iştirak etmədiyi hər hansı bir layihə reallaşa bilməz:
"Azərbaycan Prezidentinin İran Prezidentinə yönəltdiyi fikirlər də tam yerindədir. Dövlət olaraq Azərbaycan proseslərə təsir etmək və onları daha uyğun məcraya yönəltmək imkanına malikdir".
Qeyd edək ki, Prezident İlham Əliyev Məsud Pezeşkianla telefon danışığı zamanı Azərbaycanın bölgədəki gərginliyin azaldılmasına töhfə verməyə hazır olduğunu vurğulayıb. Dövlət başçısı narahatlıq doğuran vəziyyətin yalnız danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinə tərəfdar olduğunu bildirib. Telefon danışığı zamanı Məsud Pezeşkian da Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.
Rüfət Sultan
Şərhlər