Xəbər lenti

Aİ və ABŞ Kremlin pul kisəsini sıxışdırıb: Rusiyanın gəlirləri minimuma enib
Dünya 18:00 10.02.2026

Aİ və ABŞ Kremlin pul kisəsini sıxışdırıb: Rusiyanın gəlirləri minimuma enib

Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirlər Ukraynaya qarşı müharibənin başlanmasından bəri ən aşağı səviyyəyə düşüb. ABŞ və Avropa İttifaqının yeni sanksiyaları, Hindistan tərəfindən tələbin azalması və "kölgə donanması”na qarşı mübarizənin gücləndirilməsi eyni vaxtda Kremlin maliyyəsinə təzyiq göstərir.

Qaynarinfo "Associated Press”ə istinadən xəbər verir ki, gəlirlərin azalması hökuməti Putini dövlət maliyyəsini balansda saxlamaq üçün Rusiya banklarından borc almağa və vergiləri artırmağa məcbur edir. Lakin bu addımlar müharibə, davamlı inflyasiya və işçi qüvvəsi çatışmazlığı səbəbindən artıq zəifləyən iqtisadiyyatda gərginliyi daha da artırır.

Yanvarda Rusiya büdcəsinin neft-qaz vergilərindən əldə etdiyi gəlirlər 393 milyard rubl (5,1 milyard dollar) təşkil edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə təxminən üç dəfə azdır. Almaniyanın Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun Rusiya iqtisadiyyatı üzrə eksperti Yanis Klyuqe bildirib ki, bu göstərici COVID-19 pandemiyasından bəri ən aşağı səviyyədir.

ABŞ Hindistan üçün idxal rüsumlarını azaltmaq müqabilində Rusiyadan neft alışlarının ixtisarına nail olub. Dehli bunu rəsmi şəkildə şərh etməsə də, rəqəmlər vəziyyəti aydın göstərir. Kiyev İqtisadiyyat Məktəbi və ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatlarına görə, son həftələrdə Rusiyadan Hindistana neft tədarükü oktyabrda gündəlik 2 milyon bareldən dekabrda 1,3 milyon barelə düşüb.

Bununla belə, "Kpler” analitik şirkəti bildirir ki, Hindistan yaxın gələcəkdə ucuz Rusiya enerjisindən tam imtina etməyəcək.

Eyni zamanda Ukraynanın müttəfiqləri Rusiyanın neftini daşıyan ayrı-ayrı "kölgə” tankerlərinə kütləvi şəkildə sanksiyalar tətbiq edərək alıcıları bu neftdən çəkindirməyə çalışırlar. Hazırda təxminən 640 gəmi sanksiya altındadır.

Risklərin artması səbəbindən alıcılar Rusiyanın "qara qızıl”ına daha böyük endirimlər tələb edirlər. Dekabrda Rusiyanın Urals markalı nefti bir barel üçün 38 dollardan aşağı düşüb, Brent markalı neft isə 62 dollardan yuxarı olub. 25 dollarlıq fərq Rusiya büdcəsi üçün ciddi itki sayılır.

Sanksiyalar nəticəsində dənizdə tankerlərdə təxminən 125 milyon barel artıq neft yığılıb. Bu isə tanker fraxt qiymətlərinin sutkada 125 min dollara qədər qalxmasına səbəb olub.

Bütün bu problemlərə əlavə olaraq, Rusiyada iqtisadi artım faktiki olaraq dayanıb. Hərbi xərclərin yaratdığı effekt tükənib, işçi qüvvəsi çatışmazlığı isə biznesin genişlənməsini məhdudlaşdırır.

Üçüncü rübdə ÜDM cəmi 0,1% artıb, illik proqnozlar isə hazırda 0,6–0,9% aralığındadır. Halbuki 2023–2024-cü illərdə artım 4%-dən çox idi.

"Düşünürəm ki, iqtisadi yavaşlama fonunda büdcə balansı Kremlin ciddi narahatlıq mənbəyidir. Eyni zamanda müharibə xərcləri azalmır”, deyə Klyuqe bildirib.

Neft gəlirlərinin azalması və iqtisadiyyatın zəifləməsi səbəbindən yaranan büdcə boşluqlarını bağlamaq üçün Kreml vergiləri artırmağa və daha aktiv borclanmağa başlayıb. Dövlət Duması ƏDV-ni 20%-dən 22%-ə qaldırıb, həmçinin avtomobil idxalı, siqaret və alkoqol üzrə rüsumları artırıb. Paralel olaraq hökumət loyal Rusiya banklarından borclanmanı genişləndirib. Bununla belə, Milli Rifah Fondunda hələ də ehtiyatlar qalır.

Agentlik qeyd edir ki, Kremlin hələlik vəsaiti var. Lakin vergi artımları iqtisadiyyatı daha da ləngidir, borcun artması isə Mərkəzi Bankın faiz dərəcələrini 16% səviyyəsində saxlayaraq 21%-lik pik göstəricidən 5,6%-ə endirdiyi inflyasiyanın yenidən sürətlənməsi riskini yaradır.

"Buna altı ay və ya bir il vaxt verin, bu, Kremlin müharibəyə yanaşmasına təsir göstərə bilər. Düşünmürəm ki, Rusiya sülh axtaracaq, amma döyüş əməliyyatlarının intensivliyini azaltmaq, cəbhənin müəyyən hissələrinə fokuslanmaq və müharibəni yavaşlatmaq istəyə bilərlər. Müharibə həddən artıq baha başa gəlsə, reaksiya belə ola bilər”, deyə Klyuqe yekunlaşdırıb.

Aydın

--> -->