Ölkə banklarının 2024-cü ilin sonuna faiz və gəlirlərin bu qəbildən olan növlərindən əldə etdiyi vəsait 500 mln. manata yaxın artaraq 3 mlrd. 969.8 mln. manat təşkil edib.
Valyuta.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, 2023-cü ilin sonunda bu göstərici 3 mlrd. 492.9 mln. manat təşkil edib.
Bankların faiz və qeyri-faiz xərclərində də 800 mln. manatdan artım müşahidə olunub. 2024-cü ilin yekunlarına əsasən, bankların faiz və onlara bağlı xərcləri 1 mlrd. 214.7 mln. manat, qeyri-faiz xərcləri isə 2 mlrd. 772.6 mln. manat təşkil edib. Halbuki, 2023-cü ilin sonunda bu göstəricilər müvafiq olaraq 839.4 mln. manat və 2 mlrd. 335.7 mln. manat idi.
Fiziki şəxslərin depoziti 2023-cü ilin sonu ilə müqayisədə 12 mlrd. 582.2 mln. manatdan 14 mlrd. 299.1 mln. manata, hüquqi şəxslərin depozitləri isə 21 mlrd. 967.9 mln. manatdan 23 mlrd. 397.5 mln. manata yüksəlib.
Öhdəliklərdə 3 mlrd. manatdan çox artım müşahidə olunaraq 43 mlrd. 114.8 mln. manatdan 46 mlrd. 383 mln. manata yüksəlib.
Həmçinin ötən il 2 mlrd. manatdan daha artıq biznes kreditləri verilib. 2023-cü ilin sonunda ölkə üzrə verilmiş biznes kreditlərinin həcmi 12 mlrd. 616.8 mln. manat idisə, ötən ilin sonunda bu göstərici 14 mlrd. 787.2 mln. manat olub. Bunun da 999.2 mln. manatı dövlət fondları hesabına verilmiş biznes kreditlərinin payına düşüb.
Nağd vəsaitlər də 140 mln. manatdan çox artaraq 1 mlrd. 877 mln. manatdan 2 mlrd. 19.4 mln. manata yüksəlib.
Xalis mənfəətdə isə 30 mln. manatdan çox azalma qeydə alınıb. Belə ki, 2023-cü ildə 1 mlrd. 76.4 mln. manat xalis mənfəət əldə edən banklar 2024-cü ildə 1 mlrd. 44.3 mln. manat mənfəət əldə ediblər.
Şərhlər