Azərbaycanda ilk dəfə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş "Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfrans keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də Zikh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dəki nüfuzlu nümayəndələri, həmçinin beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edib.
Konfrans çərçivəsində 1984-cü ildə Hindistan hökuməti tərəfindən həyata keçirilmiş "Mavi Ulduz əməliyyatı"nda həlak olan Zikhlərin xatirəsinə həsr edilmiş sərgi təşkil edilib. Sərgidə zikh xalqının inancında müqəddəs sayılan əşyalar nümayiş olunub. Daha sonra 2023-cü ildə Kanadada terror hücumu ilə qətlə yetirilmiş Hardip Singh Nijjar və Xalistan hərakatının digər üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov BTQ-nin müasir dövrdə müstəmləkəçiliyin müxtəlif formalarının təsirinə məruz qalan xalqlara davamlı dəstək verdiyini, bu xüsusda o xalqların pozulmuş hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq fəaliyyətdən danışıb. Təşkilatın beynəlxalq arenada qazandığı uğurları əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə BTQ tərəfindən hazırlanmış Hindistan hökumətinin Zikhlərə qarşı törətdiyi hüquq pozuntuları və cinayətlər, eləcə də digər etnik azlıqların üzləşdiyi sistemli ayrı-seçkiliyə həsr edilmiş qısametrajlı film iştirakçılara təqdim edilib.
Dünyanın müxtəlif ölkələrini təmsil edən zikh icmasının nümayəndələri "Zikhlərə qarşı ayrı-seçkiliyin mənşəyi və Zikh diasporunun azadlıq uğrunda mübarizəsi" mövzusunda geniş fikir mübadiləsi aparıblar. Hindistan hökumətinin repressiv siyasəti nəticəsində doğma vətənlərini tərk edərək, hazırda Kanada, ABŞ, Böyük Britaniya və digər ölkələrdə məskunlaşmış zikhlərin və digər azlıqların vəziyyəti, zikh fəallarına qarşı dövlət səviyyəsində terror aktları, eləcə də Hindistanda təzyiq və məhdudiyyətlərlə üzləşən zikh icmasının əsas siyasi, hüquqi və təhlükəsizlik problemləri, xüsusilə Hindistanın zorakılıq, hədə-qorxu siyasətinin yaratdığı regional və beynəlxalq təhlükəsizlik riskləri və bu hallara qarşı beynəlxalq hüquq mexanizmlərindən istifadə imkanları qeyd edilib.
Konfransda Hindistan hökumətinin BMT-nin "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt", "İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya" və "İşgəncələrə qarşı konvensiya" üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə edilib. Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması və BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılıb.
Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının və akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsiri imkanları müzakirə mövzusu olub.
Tədbirin yekununda Bakı Təşəbbüs Qrupu və Qlobal Zikh Təşkilatları tərəfindən Zikhlərə qarşı törədilmiş zorakılıq hallarının dördüncü onillikdir davam edən cəzasızlıq hallarının aradan qaldırılmasına yönəlmiş "Beynəlxalq Fəaliyyətə Çağırış" adlı yekun sənəd qəbul edilib.
10.29
Bakıda ilk dəfə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş "Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfrans keçirilir.
Tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də Zikh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dəki nüfuzlu nümayəndələri, həmçinin, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edirlər.
Konfransda Hindistan hökumətinin Zikhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, bu xüsusda Hindistan hökumətinin BMT-nin "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt", "İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya" və "İşgəncələrə qarşı konvensiya" üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Eyni zamanda, real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması və BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılacaq.
Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının və akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsiri imkanları müzakirə mövzusu olacaq.//Report.az
Şərhlər