"Məsafəyə görə qiymətin differensiallaşması tələm-tələsik edilməməlidir. Layihə yaxşı düşünülməlidir. Konkret layihə ortaya qoyulmalıdır və bundan sonra qərar verilməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. Onun fikrincə, Bakıda məsafəyə görə modelin tətbiqindən əvvəl indiki mərhələdə müəyyən risklər və təsirləri dəqiq hesablamaq lazımdır:
"Bu, differensial tarif sistemidir, dünyanın müxtəlif ölkələrində, şəhərlərində tətbiq olunur. Texniki baxımdan bunu tətbiq etmək mümkündür. "Bakı Metropoliteni"artıq kart sistemini işə salıb, ödəmə sistemləri daha sürətlidir. Sərnişin axınlarının statistikası hər gün hesablanır. Məsafəyə və zonaya görə tarif texniki cəhətdən tətbiq oluna bilər. Burada eyni zamanda sosial və digər şəhərplanlama da nəzərə alınmalıdır".
Eldəniz Cəfərov xatırladıb ki, hər gün on minlərlə insan Bakı metrosundan istifadə edir:
"Burada 2-3 dayanacaq gedən sərnişinlər də var, 7 dayanacaq gedənlər də. Az dayanacaq gedənlər üçün daha ucuz, çox dayanacaq gedənlər üçün bir qədər fərqli qiymətə olacaqsa, tarif daha uzaqda yaşayanlar üçün səmərəli olmaya bilər. Şəhərin mərkəzi hissəsində yaşayan insanlar daha az ödəniş edəcəklər, kənarda, şəhər ətrafında yaşayanlar isə daha çox ödəniş etməli olacaqlar. Bakıda bunu digər şəhərlərə nisbətən etmək bir qədər çətindir. Burada şəhərlərin planlı şəkildə zonalara bölünməsi məsələsi var. Düzdür, qərarlarda Bakının da zonalara bölünməsi məsələsi var, amma praktikada hələ bu, tətbiq olunmayıb".
Eldəniz Cəfərov metroda intervalların azaldığını vurğulayıb:
"Hazırda məlumdur ki, metropolitendə geniş işlər həyata keçirilir. Yeni depolar, satansiyalar tikilir, yeni qatarların gətirilməsi və s. Bunlar hamısı ona görə edilir ki, sərnişinlərin hərəkəti daha təhlükəsiz və keyfiyyətli olsun. Bakı üçün məsafəyə görə tarif tətbiq etmək mümkündür. Amma bu, hələ bir az gec olacaq”.
Bahar Rüstəmli
Şərhlər