Xəbər lenti

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb (FOTO)
Foto 12:35 16.04.2025

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb (FOTO)

İstanbulun simvollarından biri olan Ayasofya Məscidinin günbəzinin bərpa və möhkəmləndirmə işlərinə başlanılıb. 1486 illik tarixi ilə bəşər mədəni irsinin incilərindən sayılan bu tarixi məscidin, gələcək nəsillərə ötürülməsi üçün genişmiqyaslı bir layihə ilə yenidən canlandırılır.

Türkiyənin mədəni irsinin qorunması istiqamətində son illərdə həyata keçirdiyi saysız-hesabsız arxeoloji və bərpa layihələri sırasında Ayasofya xüsusi yer tutur. Son üç ildir davam edən bərpa prosesi çərçivəsində artıq bir çox mərhələ başa çatıb. İndi isə əsas diqqət Ayasofyanın tacı hesab edilən mərkəzi günbəzə yönəlib.

Davam etdirilən işlər günbəzin zəlzələyə qarşı daha davamlı hala gətirilməsini hədəfləyir. Maraqlısı odur ki, bu zaman abidənin daxili mozaika örtüyünə zərər gəlməməsi üçün bütün müdaxilələr yalnız xaricdən həyata keçiriləcək. Günbəzin üzərindəki qurğuşun örtüklər söküləcək, zədəlilər bərpa olunacaq, digərləri isə yenilənəcək.

Proses zamanı günbəzin üzəri mövsümi hava şəraitinə qarşı qorunmaq üçün xüsusi polad konstruksiya və yüksək keyfiyyətli örtüklə bağlanacaq. Eyni zamanda, günbəzin daxilindəki qədim mozaikaların qorunması da nəzərdə tutulur. Bunun üçün məscidin içində, 43,5 metr hündürlüyündə, dörd sütun üzərində dayanan polad platforma qurulacaq. Bu qurğu həm restavrasiya işlərinin təhlükəsizliyini təmin edəcək, həm də insanların ibadətlərinə davam etməsinə imkan yaradacaq.

Ayasofyanın bərpa prosesi çərçivəsində kompleksin şərq tərəfində 41 metr hündürlüyə və 60 metrlik qol uzunluğuna malik xüsusi qüllə kranının quraşdırılması planlaşdırılır. Bu kran məhz Ayasofya üçün xüsusi dizayn olunub və binadan uyğun məsafədə, təhlükəsiz şəkildə hərəkət və əməliyyat imkanı yaradır. Tikinti və bərpa işlərinin operativ və təhlükəsiz aparılması üçün bu mühüm texniki yenilik böyük rol oynayacaq. Günbəzdə, mozaikalarda və minarələrdə nəzərdə tutulan işlər tam başa çatdıqdan sonra müvəqqəti polad örtük, platforma və qüllə kranı söküləcək.

Layihə bir neçə mərhələdən ibarət olmaqla həyata keçirilir. Artıq Osmanlı padşahları III Mehmet, II Səlim və III Muradın türbələri, Sıbyan Məktəbi (ibtidai məktəb) və Mövakkithanə (namaz vaxtlarının hesablandığı otaq) kimi tarixi məkanlarda işlər tamamlanıb. Uzun müddət ziyarətə bağlı olan qalereya mərtəbəsi bərpa mərhələsindən sonra qapılarını  yenidən ziyarətçilərin üzünə açıb.

Ən diqqətçəkən məqamlardan biri isə Ayasofya kompleksindəki bütün tikililərin 3D formatda sənədləşdirilərək rəqəmsal sistemə köçürülməsidir. Bu texnologiya sayəsində Ayasofyanın "rəqəmsal əkizi” yaradılıb – bu, gələcəkdə onun qorunması və öyrənilməsi baxımından mühüm bir addımdır.

Ayasofya: İstanbulun Qədim İmperiyalarına Həsr Olunmuş Abidə

İstanbulun tarixi siluetində əzəmətlə yüksələn Ayasofya, 1985-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Təqribən 1500 il əvvəl xristian bazilikası kimi inşa edilən bu möhtəşəm tikili ilk dövrlərdə "Müqəddəs Hikmət Kilsəsi” adı ilə tanınıb və inşa edildiyi dövrdə xristian aləminin ən önəmli dini məbədi hesab olunub.

Osmanlı sultanı II Mehmed İstanbulun fəthindən sonra Ayasofyanı məscidə çevirdi. Binanın içindəki qızılı mozaikalar və freskalar zərif islam ornamentləri və naxışlarla örtüldü. Sonrakı dövrlərdə müxtəlif vaxtlarda Ayasofyanın əzəmətli günbəzli strukturu dörd minarə ilə tamamlandı.
Osmanlı sultanı II Səlim Ayasofyanın qərb tərəfindəki iki minarənin tikintisini dövrünün dahi memarı – Memar Sinana həvalə etmişdi. Lakin bu layihə sadəcə minarələrlə yekunlaşmadı. Ayasofyada zamanla müşahidə olunan konstruktiv zəiflikləri nəzərə alan Sultan, Sinana həm də binanı bərpa etməyi əmr etmişdi.

Sinan bu tarixi abidəyə sadəcə minarə əlavə etməklə kifayətlənmədi – o, binanın dayanıqlığını artırmaq üçün mühüm konstruktiv gücləndirmə işləri həyata keçirdi. Ayasofyanı dəstəkləyən bindaş divarlar və digər mühəndislik tədbirləri sayəsində bu memarlıq möcüzəsi əsrlər boyu baş vermiş güclü zəlzələlərə sinə gərməyi bacardı.

Bu gün də Ayasofya həm Bizansın dini mirasını, həm də Osmanlının mühəndislik dahisini özündə birləşdirən bənzərsiz bir mədəniyyət simvolu olaraq İstanbulun qürur mənbəyi kimi varlığını davam etdirir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->