Kibertəhlükəsizlik sahəsində "ağ papaqlı” hakerlər üçün yeni imkan yaranıb. "Apple” şirkəti noyabr 2025-ci ildən etibarən "Security Bounty” proqramı çərçivəsində mükafat məbləğlərini əhəmiyyətli dərəcədə artıracağını elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Engadget məlumat yayıb.
Əsas mükafat 2 milyon dollar təşkil edir. Bu məbləğ, istifadəçinin iştirakı olmadan sistemə daxil olmağa imkan verən zəifliklər zəncirini aşkar edən mütəxəssislərə veriləcək. Belə nöqsanlardan adətən mürəkkəb casus proqramları yararlanır.
Əgər hakerlər "iPhone” cihazlarında mövcud "bloklama rejimi”ni (Lockdown Mode) sındıra bilsələr, mükafat 5 milyon dollara qədər artırılacaq. "Apple” bu funksiyanı 2022-ci ildə iOS sisteminə əlavə edib və şirkətin bildirdiyinə görə, bu günə qədər heç kim onu aşmağı bacarmayıb.
Bundan başqa, "Apple” cihazlara fiziki müdaxilə və ya istifadəçinin bir dəfəlik təsdiqi ilə həyata keçirilən hücumları müəyyənləşdirmək üçün 1 milyon dollara qədər, kilidli cihazlara uğurlu hücum halında isə 500 min dollara qədər mükafat təyin edib.
Proqram iştirakçılarına kömək məqsədilə şirkət açıq mənbə koduna, virtual sınaq mühitinə və texniki təlimatlara çıxış imkanı yaradıb.
"Apple” bu proqramı istifadəyə verdiyi vaxtdan bəri "Security Bounty” çərçivəsində 35 milyon dollardan çox vəsait ödəyib. Ümumilikdə 800-dən çox mütəxəssis mükafat alsa da, milyon dollarlıq böyük ödənişlər nadir hallarda baş verib.
Aydın
Şərhlər