ABŞ-ın federal hakimiyyəti Los-Ancelesdə 12 nəfərin həyatına son qoyan və meşələri məhv edən yanğına səbəb olmaqda ittiham edilən şəxsi - Florida ştatından 29 yaşlı Conatan Rinderknekhti saxlayıb.
Qaynarinfo xəbər verir ki, "The Verge" nəşrinin məlumatına görə, sübutlar arasında təqsirləndirilən şəxsin ChatGPT vasitəsilə yaratdığı alov içindəki şəhər təsviri də yer alır.
Kaliforniyanın Mərkəzi dairəsi üzrə müvəqqəti prokuror bildirib ki, Rinderknekht 2025-ci ilin yanvarında Pasifik-Paliseyds bölgəsində baş vermiş yanğına görə qəsdən törədilmiş yanğın ittihamı ilə üzləşib.
ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında qeyd olunur ki, videomüşahidə kameralarının qeydləri, şahid ifadələri və mobil telefon məlumatları Rinderknekhtin yanğın yerinə yaxın olduğunu təsdiqləyir.
Sübutlar arasında, həmçinin ChatGPT-yə göndərilmiş belə bir sorğu da qeyd olunur: "Yanan meşə və qaçmağa çalışan insanlar olan distopik mənzərə yarat". Prokurorluğun versiyasına əsasən, bu təsvir yanğınlardan bir neçə ay əvvəl yaradılıb.
Rinderknekht tərəfindən yaradılan foto
Nazirlik dəqiqləşdirir ki, Rinderknekht 1 yanvar 2025-ci ildə başlanmış "Lachman Fire" yanğınında ittiham olunur. Həmin yanğın söndürülsə də, qısa müddət sonra yenidən alovlanaraq "Palisades wildfire" adlanan və Kaliforniya tarixində dağıdıcılığına görə üçüncü yeri tutan böyük yanğına çevrilib.
İttiham tərəfinin məlumatına əsasən, Rinderknekht Yeni il gecəsi "Uber"də işlədiyi avtomobildən sərnişini düşürüb, maşını "Skull Rock" cığırının yaxınlığında saxlayaraq oradan piyada hərəkət edib və "iPhone" vasitəsilə video çəkib. O, bu zaman "Un Zder, Un The" adlı fransız repini dinləyirmiş; həmin klipdə yanan zibil qutusu təsvir olunur.
Prokurorluğun versiyasına görə, Rinderknekht 1 yanvar gecəsi meşəni yandırıb, eyni vaxtda 911-ə zəng edib və ChatGPT-yə belə bir sual ünvanlayıb: "Əgər yanğın sizin siqaretinizdən başlasa, siz məsuliyyət daşıyırsınızmı?”
Aydın
Şərhlər