Xəbər lenti

ABŞ Ukraynaya verdiyi uzaqmənzilli raketlərin təsirini şişirdib -
Dünya 11:43 25.08.2025

ABŞ Ukraynaya verdiyi uzaqmənzilli raketlərin təsirini şişirdib - "Telegraph"

Məlumata görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Vladimir Putini ciddi sülh danışıqlarına cəlb etmək məqsədilə Ukraynaya ATACMS və Britaniya istehsalı "Storm Shadow” uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməyi qadağan edib.

Qaynarinfo "The Telegraph”a istinadla yazır ki, bu raketlərin müharibənin gedişinə təsirini şişirtməyə dəyməz və Ukraynanın öz müdafiə sənayesini möhkəmləndirməsi fonunda bu qadağa Kiyev üçün getdikcə daha az əhəmiyyət kəsb edir.

Keçən il məhdudiyyətin aradan qaldırılmasından sonra ATACMS raketləri Rusiyanın bir sıra silah zavodlarına və sursat anbarlarına "ciddi zərər vurduğunu” NATO-nun ali hərbi rəsmisi admiral Rob Bauer qeyd edib.

"Amma məsələ həmişə miqyasda idi. Bu uzaqmənzilli silahların tədarükü Kiyevin uzunmüddətli hava kampaniyası aparması üçün heç vaxt kifayət etmədi. 2023-cü ilin oktyabrından başlayaraq Pentaqon Ukraynaya ümumilikdə təxminən 500 ATACMS raketi verib, lakin ABŞ rəsmilərinin "The New York Times”a bildirdiyinə görə, Kiyevin arsenalında cəmi 50 belə raket qalıb”, – məqalədə vurğulanır.

Nəşrin yazdığına görə, ATACMS-dən istifadəyə qoyulan veto Kiyevi Rusiyanın dərinliyindəki hədəfləri vurmaq imkanından məhrum etməyib. Bunun əvəzinə o, dron arsenalından istifadə edib və son zərbələr nəticəsində milyonlarla funt yanacaq məhv edilib, Rusiyada benzinin qiyməti isə kəskin bahalaşıb.

"Ukraynanın faktiki olaraq Rusiyanın dərinliklərindəki zərbələrini artırmasını nəzərə alsaq, görünür, bu, onlar üçün böyük problem olmadı. Tramp administrasiyasının hakimiyyətə gəldiyi vaxtdan bəri xüsusiyyəti odur ki, onlar Ukraynaya təsirlərini həddindən artıq qiymətləndiriblər”, – Danimarka Müdafiə Akademiyasının zabiti və hərbi analitik Anders Pak Nilsen bildirib.

"The Telegraph” qeyd edir ki, Kiyev ABŞ-ın etibarsız dəstəyinə bel bağlamağın yersiz olduğunu anlayıb. Uzaqmənzilli dron arsenalını artırmaqla yanaşı, Ukrayna "Flamingo” adlı öz qanadlı raketini də hazırlayıb.

"Məqsədləri 3000 km məsafədən vura bilən bu raket ABŞ-ın dəstəyinə – yaxud icazəsinə – ehtiyacı tamamilə aradan qaldıracaq və Sankt-Peterburqun nisbətən qorunan sakinlərinə qarşı müharibə aparmaq imkanı verəcək”, – məqalədə deyilir.

"Flamingo” sürət baxımından "Storm Shadow” və ATACMS-lə müqayisə oluna bilməsə də, əgər Kiyev onları kifayət qədər sayda istehsal edə bilsə, müharibənin növbəti mərhələsi Putin üçün daha ağrılı ola bilər, – qəzet vurğulayır.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ silahlarının Rusiya ərazisində istifadəsinə qoyulan qadağa ilə bağlı xəbərləri şərh edərkən ABŞ-la belə məqamları müzakirə etmədiyini bildirmişdi. O həmçinin əlavə etmişdi ki, Ukrayna bu cür zərbələr üçün öz istehsalı olan silahlardan istifadə edir.

Xatırladaq ki, Ukraynada təqdim edilən uzaqmənzilli "Flamingo” qanadlı raketi 1150 kq-lıq döyüş başlığı daşıya bilir və 3000 kilometr məsafə qət edir. Hazırlayıcıların sözlərinə görə, ideyadan döyüş şəraitində ilk uğurlu sınağa qədər cəmi doqquz ay vaxt sərf olunub.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->