Xəbər lenti

ABŞ Ukraynaya Rusiyadakı hədəflərə zərbələr endirməkdə kömək edir - TƏFƏRRÜAT
Dünya 14:14 12.10.2025

ABŞ Ukraynaya Rusiyadakı hədəflərə zərbələr endirməkdə kömək edir - TƏFƏRRÜAT

ABŞ kəşfiyyatının son aylarda Ukraynanın Rusiyadakı enerji obyektlərinə yönəlmiş hücumlarının planlaşdırılmasında fəal iştirak etdiyi bildirilir. 

Qaynarinfo xəbər verir ki, "Financial Times” nəşrinin məlumatına görə, bu kampaniyanın məqsədi Rusiya iqtisadiyyatını zəiflətmək və Vladimir Putini danışıqlar masasına oturtmaqdır.

Ukrayna və Amerika rəsmilərinə istinadən verilən məlumata görə, ABŞ kəşfiyyatı Kiyevlə kritik məlumatları bölüşüb. Bu məlumatlar Ukraynaya cəbhə xəttindən uzaqda yerləşən Rusiya enerji infrastrukturlarına, o cümlədən neft emalı zavodlarına dəqiq zərbələr endirməyə imkan verib.

Mənbələrin sözlərinə görə, amerikalılar Kiyevə dron hücumlarının marşrutları, uçuş hündürlüyü və vaxtı kimi taktiki detallarda kömək edir. Bu koordinasiya Ukraynanın uzaqmənzilli kamikadze dronlarının Rusiya hava hücumundan müdafiə sistemlərindən yayınmasına şərait yaradır.

Üç mənbə FT-yə bildirib ki, Vaşinqton əməliyyatın bütün mərhələlərində yaxından iştirak edib. Bir ABŞ rəsmisinin sözlərinə görə, "Ukrayna uzaqmənzilli hücum hədəflərini müəyyənləşdirir, Vaşinqton isə həmin obyektlərin zəif tərəfləri barədə kəşfiyyat məlumatı təqdim edir.”

Digər iştirakçılar qeyd ediblər ki, bəzi hallarda prioritet hədəfləri birbaşa ABŞ tərəfi müəyyən edib. Onlardan biri Ukraynanın dronlarını "Vaşinqtonun Rusiyanın iqtisadi dayaqlarını sarsıtmaq və Putini danışıqlara məcbur etmək üçün istifadə etdiyi vasitə” adlandırıb.

Məqalədə bildirilir ki, ABŞ-ın bu istiqamətdəki dəstəyi yay aylarından etibarən güclənib. Dəyişiklik, iyul ayında ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında baş tutan telefon danışığından sonra baş verib.

Mənbələrin sözlərinə görə, həmin danışıqlardan az sonra ABŞ kəşfiyyatı Kiyevə daha detallı məlumatlar göndərməyə başlayıb. Bu, Ukrayna qüvvələrinə Rusiyanın hava müdafiə sistemlərini daha dəqiq xəritələndirməyə və dron marşrutlarını optimallaşdırmağa imkan verib.

Avqust və sentyabr aylarında Ukraynanın Rusiya neft-qaz obyektlərinə və boru kəmərlərinə endirdiyi hücumların sayı və miqyası kəskin şəkildə artıb. Bu zərbələr Moskvanı dizel yanacağının ixracını azaltmağa və idxaldan daha çox asılı olmağa məcbur edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->