Xəbər lenti

Dünya 17:50 10.12.2024

"ABŞ postsovet məkanında uğursuzluqlarla üzləşir" - Narışkin

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Rusiyanın "Kəşfiyyatçı" jurnalına verdiyi müsahibədə bildirib ki, Ermənistan və Azərbaycan ABŞ və Avropa İttifaqının sülh razılaşması ilə bağlı tövsiyələrinə əməl etməyə "çox da meylli deyillər" və bütün məsələləri müstəqil şəkildə həll etməyə üstünlük verirlər. 

Qaynarinfo-nun məlumatına görə, Narışkin əlavə edib ki, ABŞ-ın Ukrayna ilə bağlı "vəsvəsəsi" Vaşinqton tərəfindən qurulan qlobal maliyyə və hərbi-siyasi sistemə dağıdıcı təsir göstərir:

"ABŞ bütün cəbhələrdə təşəbbüsü itirir: Yaxın Şərqdən Asiya və Afrikaya qədər. Postsovet məkanında isə tamamilə uğursuzluqlarla üzləşir".

Bu kontekstdə o, Cənubi Qafqaz və Moldovanı nümunə kimi göstərib. 

"Gürcüstana baxın, burada bir müddət əvvəl "qalstuk çeynəyən" marionet Mixael Saakaşvilinin dövründə qərbpərəstlər hakimiyyətə təsir etməkdə müvəffəq oldular. Amma indi hakim Gürcü Arzusu Partiyasının seçkilərdə qalib gəlməsinə mane ola bilmədilər. Gürcüstan hakimiyyəti Qərbə kor-koranə uyğunlaşmanın zərərli olduğunu anlayaraq, artıq öz maraqlarına uyğun hərəkət etməyə qərar verib. Onlar xaricdən təlqin edilən və ənənəvi gürcü dəyərlərinə yad olan ultraliberal gündəmdən şüurlu şəkildə uzaqlaşır", deyə Narışkin qeyd edib. 

Onun sözlərinə görə, Moldovada isə vəziyyət fərqlidir:

"Moldova hakimiyyəti (Maya Sandu iqtidarı-red) seçkilərdə çətinliklə də olsa, istədiyi nəticəni  əldə edib, lakin əslində Moldova cəmiyyətində dərin bölünmənin mövcudluğunu təsdiqləyib".

Narışkinin sözlərinə görə, postsovet məkanı ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanlarının hücumları üçün prioritet sahə olaraq qalır:

"Qərb bizim ölkələrimiz arasında iqtisadi, siyasi və tarixi-humanitar əlaqələri qoparmaq məqsədi ilə genişmiqyaslı planlar hazırlayıb. Bu yanaşma anglosaksların "Evrasiya üzərində hakimiyyət dünyaya sahib olmaq deməkdir" prinsipindən qaynaqlanır. Onlar üçün "hakimiyyət" isə bölmək, xaos yaratmaq və sonra özlərini "qərəzsiz təhlükəsizlik təminatçıları" kimi təqdim etmək deməkdir. Bu modelin necə işlədiyi Ukrayna nümunəsində aydın görünür".

Bir qədər əvvəl Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin birlik ölkələrinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının toplantısında bildirmişdi ki, ABŞ və Avropa İttifaqı (Aİ) MDB məkanı daxilində inteqrasiyanın qarşısını almağa, gərginlik yaratmağa çalışır. O bildirib ki, MDB ərazisində silahlı birləşmələrin, silahların, partlayıcı maddələrin nüfuz etmə təhlükəsi artır: "Bu, Ukraynadakı müharibə vasitəsilə həyata keçirilir".

"Kəşfiyyatçı" jurnalına verdiyi müsahibədə isə Narışkin vurğulayıb ki, MDB məkanında Qərb uğursuzluğa düçar olur: "Ermənistan və Azərbaycan ABŞ və Avropa İttifaqının sülh razılaşması ilə bağlı tövsiyələrinə əməl etməyə "çox da meylli deyillər" və bütün məsələləri müstəqil şəkildə həll etməyə üstünlük verirlər".
 
Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->