Xəbər lenti

ABŞ ordusunun yüksək rəhbərliyi Kiyevdə: Hansı məsələlər müzakirə olunacaq?
Dünya 11:00 19.11.2025

ABŞ ordusunun yüksək rəhbərliyi Kiyevdə: Hansı məsələlər müzakirə olunacaq?

ABŞ-ın quru qoşunları üzrə naziri Dan Driskol və Baş Qərargah rəisi general Rendi Corc müharibənin tezliklə başa çatdırılması istiqamətində səylərin bir hissəsi olaraq elan edilməmiş səfərlə Ukraynaya gəliblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” öz mənbələrinə istinadən yazır.

Səfər çərçivəsində bu gündən etibarən onların Ukrayna hərbi rəhbərliyi, parlament üzvləri və prezident Vladimir Zelenski ilə görüşləri planlaşdırılır.

Səfərin hədəfi – Ukrayna rəhbərliyini Rusiya ilə dalana dirənmiş sülh danışıqlarının bərpasına cəlb etməkdir.

Bundan əlavə, ABŞ və Ukrayna PUA texnologiyaları və avtonom döyüş sursatlarının mübadiləsi üzrə böyük anlaşma üzərində işləyirlər. "Politico” yazır ki, bu səfər həmin təşəbbüsə dəstək məqsədi daşıyır.

Driskol və Corc Ukraynanın döyüş sahəsində innovasiyalarını ABŞ-ın müdafiə sənayesi üçün nümunə göstəriblər.

Driskolun sözlərinə görə, ukraynalılar mövcud texnikanın yetərli olmadığını görəndə:

"Makqayver yanaşması ilə lazım olan nəticəni almaq üçün nə gərəkdirsə, onu edirlər. Heç bir qayda tanımırlar və məqsədə çatırlar”.

Bəs niyə məhz bu şəxslər göndərilib? "Politico” qeyd edir ki, sülhyaratma kimi həssas bir missiya üçün quru qoşunları nazirinin göndərilməsi qeyri-adi görünsə də, Driskol son aylarda Pentaqonda nüfuzunu xeyli artırıb və administrasiyada önəmli figura çevrilib. O, ABŞ vitse-prezidenti C. D. Vensin həmkarıdır və orduda uzun illik təcrübəyə malikdir.

Diqqətçəkən məqam odur ki, ABŞ müdafiə naziri Pit Hegset hələ bir dəfə də Kiyevə getməyib. O, Avropaya səfərlər etsə də, Zelenski ilə görüşməyib və bir dəfə Ukraynaya silah tədarükünü dayandırmağa cəhd edib – lakin Ağ Ev həmin qərarı bloklayıb.

Qeyd edək ki, son aylarda ABŞ prezidenti Donald Trampın Zelenskiyə münasibəti yumşalıb və o, NATO-nun Ukraynaya yardımını dəstəkləyib. Bununla yanaşı, Trampın Rusiya ilə diplomatik əlaqələri bərpa etmək cəhdləri Putin tərəfindən qəbul edilməyib.

Xatırladaq ki, Dövlət Departamenti Ukraynaya "Patriot” hava müdafiə sistemi üçün avadanlıq və texniki təminatın 105 milyon dollar dəyərində satışına icazə verib.
"Reuters” yazır ki, 19 noyabrda Zelenski, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkof və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin dayandırılması ilə bağlı danışıqları fəallaşdırmaq üçün görüş planlaşdırır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->