ABŞ-da federal qurumlara xidmət göstərən vasitəçi şirkətdə çalışan iki qardaşın işdən çıxarıldıqdan cəmi bir neçə dəqiqə sonra onlarla dövlət məlumat bazasını silməkdə günahlandırıldığı bildirilib. Hadisə ölkədə kiber təhlükəsizlik sahəsində ciddi qalmaqal yaradıb.
Qaynarinfo-nun Milliyet-ə istinadən məlumatına görə, 34 yaşlı Sohaib Akhter və qardaşı Muneeb Akhter "kompüter fırıldaqçılığı üzrə sui-qəsd” və "şifrə ticarəti” ittihamları ilə saxlanılıb.
Hadisənin mərkəzində federal podratçı şirkət dayanır
İnsident Vaşinqtonda yerləşən və 45-dən çox dövlət qurumuna xidmət göstərən !Opexus! adlı şirkətlə bağlıdır. Şirkətin federal müştəri məlumatlarını idarə etdiyi bildirilir.
Məhkəmə sənədlərinə əsasən, şirkət ötən il fevral ayında hər iki qardaşı işdən çıxarıb. Lakin təhlükəsizlik prosedurunda baş verən səhv hadisənin böyüməsinə səbəb olub. Bildirilir ki, görüntülü görüş zamanı Sohaib Akhterin sistemə çıxışı bloklansa da, Muneeb Akhterin giriş hüquqları səhvən deaktiv edilməyib.
Cəmi bir neçə dəqiqə ərzində Muneeb Akhterin digər istifadəçiləri sistemdən çıxardığı və daha sonra məlumat bazalarını silməyə başladığı iddia olunur.
96 federal məlumat bazası silinib
İstintaq materiallarına görə, qısa müddət ərzində təxminən 96 federal məlumat bazası silinib. Silinən məlumatlar arasında İnformasiya Azadlığı Qanunu (FOIA) çərçivəsində toplanmış sənədlər və federal istintaq materialları da olub.
Bundan başqa, ABŞ Bərabər Məşğulluq İmkanları Komissiyasına aid 1805 faylın və 450-dən çox şəxsin vergi məlumatlarının da oğurlandığı açıqlanıb.
Sübutları gizlətmək üçün süni intellektdən istifadə iddiası
İstintaqın diqqətçəkən məqamlarından biri də qardaşlardan birinin hadisədən sonra sübutları gizlətmə yollarını öyrənmək üçün süni intellekt çat-botuna müraciət etməsi olub. Prokurorluğun məlumatına görə, Muneeb Akhter sistem qeydlərini necə təmizləmək barədə məsləhət almağa çalışıb.
Keçmiş kiber cinayət iddiaları
Məhkəmə sənədlərində qeyd olunur ki, qardaşların əvvəlki illərdə də kibercinayətlərlə bağlı halları olub. Onların 2015-ci ildə müxtəlif internet saytlarını sındırmaq, kredit kartı məlumatlarını oğurlamaq və darknet üzərindən satmağa cəhd etmək ittihamlarını qəbul etdikləri bildirilir.
Bundan əlavə, Sohaib Akhterin əvvəlki illərdə ABŞ Dövlət Departamentində işləyərkən şəxsi məlumatları ələ keçirdiyi və sistemlərə gizli qurğular yerləşdirdiyi də iddialar arasındadır.
Şirkətin mövqeyi və istintaq
"Opexus" şirkəti qardaşların işə qəbulundan əvvəl təhlükəsizlik yoxlamalarının aparıldığını bildirsə də, sonradan bəzi məlumatların kifayət qədər araşdırılmadığını etiraf edib.
Hadisə ilə bağlı məhkəmə prosesi davam edir və ABŞ rəsmiləri bunu "dövlət dəstəyi olmayan, lakin ciddi nəticələr doğuran daxili kiberhücum” kimi qiymətləndirirlər.
Günay
Şərhlər