Müasir dövrdə uşaqların hüquq və vətəndaşlıq haqqında biliklərinin zəif olması onların cəmiyyət və dövlət anlayışından uzaq böyüməsinə səbəb olan əsas problemlərdəndir. Gənc nəsil çox vaxt öz hüquq və vəzifələrini təkcə nəzəri səviyyədə deyil, həm də praktiki həyatda tətbiq etmək bacarığından məhrumdur.
Digər tərəfdən, qloballaşma və informasiya bolluğu şəraitində uşaqların düzgün hüquqi-mənəvi istiqamət alması, milli və konstitusiya dəyərləri əsasında vətəndaş mövqeyinin formalaşması xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Konstitusiyanın uşaqlar üçün sadə və başa düşülən dildə izah edilməsi onların hüquq və vəzifələr arasındakı əlaqəni dərk etmələrində mühüm pedaqoji və sosial rola malikdir.
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Uşaqlar üçün Konstitusiya” layihəsi mövcud uçurumun aradan qaldırılması, uşaqlarda dövlətə, cəmiyyətə və qanuna hörmət hissinin formalaşdırılması baxımından olduqca aktualdır. Layihə uşaqların bilik, davranış və dəyər sistemlərində real dəyişiklik yaratmağa yönəlmiş mühüm təhsil təşəbbüsüdür.
May ayından etibarən öz işinə başlayan "Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiyanın ümumi müddəları (Hakimiyyətin mənbəyi, Xalqın suverenliyi, Xalqın vahidliyi və s.), Dövlətin əsasları (Azərbaycan dövlətinin başçısı, Dövlətin ali məqsədi, Ailə, uşaqlar və dövlət, Din və dövlət, Azərbaycan dövlətinin rəmzləri və s) , Əsas hüquqlar, azadlıqlar və vəzifələr, Dövlət hakimiyyəti (İcra, qanunverici və məhkəmə) bölmələrindən seçilən, uşaqların vətəndaş kimi formalaşmasında xüsusi rolu və əhəmiyyəti olan maddələrin uşaqların başa düşəcəyi anlaşılıqlı dildə, əyani misallar, infoqrafika və vizual vasitələrlə izah olunacaq.
Qeyd edək ki, layihə rəhbəri Birliyin sədri Sevinc Fədai, layihənin eksperti yazıçı-jurnalist Tural Cəfərovdur.
Şərhlər