"Dad yarımçıq əlindən" (Atalar sözü)
Martın 20-da Yevlaxda keçirilən qarşılaşmada "Kəpəz” "Qarabağ”ı məğlub etdi. Bununla da "Qarabağ” çempionluq yarışında ağır yara almış oldu. Bəzi mütəxəssislər bildirir ki, bu məğlubiyyət "Qarabağ”ın olan-qalan mübarizə həvəsini də öldürdü, "köhlən artır” toparlanmaq, "Sabah”ı sona qədər təqib etmək üçün özündə güc tapmadı. Həmin məğlubiyyəti təsadüfi saymaq olardı. Əgər ki, ikinci dövrənin oyununda da "Kəpəz” "Qarabağ”ı üstələməsəydi. Bu qarşılaşma Premyer Liqanın 17-ci turuna təsadüf edirdi və özü də "Qarabağ”ın doğma meydanı "Azərsun Arena”da keçirilirdi.
Yəni ki, təsadüf bir dəfə olar. Bir komanda mövsüm ərzində digərini iki dəfə məğlub etməyi bacarırsa, deməli, bu təsadüf deyil. Sanki "Kəpəz” "Qarabağ”la oyunlara ölüm-dirim savaşı kimi çıxır. Bir mövsüm ərzində "Qarabağ”ı iki dəfə üstələmək hər komandanın işi deyil. Hərdən fikirləşirsən ki, hansısa gizli bir əl "Kəpəz”i "Qarabağ”a qarşı motivasiya edir, "köhlən atlar”ı büdrətmək üçün külli miqdarda mükafat təyin edir. Həmin mükafatı qazanmaq həvəsiylə meydana çıxan futbolçular bütün güclərini meydanda qoyur, özündən qat-qat güclü rəqibini məğlub etmək üçün savaşırlar. Sonda da həm 3 xal qazanırlar, həm də göndərilən o mükafatı.
İmanımı yandırıb, kimisə nədəsə ittiham edə bilmərəm. Lap elə bu cür ssenari olsa belə faktın özü dəyişməz qalır. Həmin fakt da ondan ibarətdir ki, "Kəpəz” bu mövsüm "Qarabağ”ı iki oyunda üstələməklə çempionluq yarışına da böyük təsir göstərib. Mənim bu yazını qələmə almağıma səbəb heç də bu deyil. İşin çox qəribə bir tərəfi var. "Kəpəz” "Qarabağ”ı məğlub edəndən bəri qələbə üzünə həsrət qalıb. Bax, bu yerdə adamın ağlına min cür qəribə sual gəlir.
26-cı turda "Kəpəz” "Qəbələ” ilə qarşılaşıb və özü üçün doğmalaşdırdığı Yevlax stadionunda rəqibinə quru hesabla uduzub – 0:2. "Kəpəz” növbəti turda yenə Yevlaxda oynayıb və bu dəfə həqiqi meydan sahibi "Karvan-Yevlax”a 1:4 hesabıyla məğlub olub. Həm də mövsüm ərzində ikinci dəfə. "Kəpəz” "İmişli”ni də Yevlaxda qəbul etdi, bununla da eyni meydanda ardıcıl beşinci oyununu keçirmiş oldu. Bu da bizim çempionatın özünəməxsus qəribəliklərindən biridir. Məsələ ondadır ki, "Qarabağ”dan əvvəl "Kəpəz” "Turan Tovuz”u Yevlaxda qəbul etmişdi. Amma sözümüz onda deyil. "Kəpəz” bu görüşlərdə bir qələbə qazanıb, o da "Qarabağ” üzərində.
"Kəpəz”in məğlub olduğu rəqiblərin adına diqqət yetirək: "Karvan-Yevlax”, "İmişli” və "Qəbələ”. "İmişli” xaric digərləri elitada qalmaq uğrunda mübarizədə bilavasitə "Kəpəz”in rəqibləridir. Bir növ "Kəpəz” bu rəqiblərlə "6 xallıq oyunlar”a çıxır və məğlub olur. Şəxsən mən məntiq tapmağa çətinlik çəkirəm. "Qarabağ”a qarşı oyunlarda olan motivasiya niyə digərlərinə qarşı olmur? Yaxud da, nə üçün "Qarabağ”ı üstələyən "Kəpəz”in gücü "Karvan-Yevlax”a, "Qəbələ”yə, "İmişli”yə çatmır?
İzah tapmaq, səbəb göstərmək çox çətindir. Bu yaxınlarda məlum oldu ki, təmirdən çıxan Gəncə şəhər stadionunun ot örtüyü hibrid olacaq. Yəni ki, nə təbii kimi təbii, nə süni kimi süni. Ortada olan bir şey. Elə "Kəpəz”in özü də belədir. Bilmirsən bu komada güclüdür, yoxsa zəif?! İddiaları böyükdür, ya kiçik?! Ümumiyyətlə, bilmirsən ki, "Kəpəz”i kim idarə edir, söz sahibi kimdir. Ümid edirəm ki, özləri bilirlər.
Amal Abuşov
Şərhlər