Xəbər lenti

Zəngəzur dəhlizində toqquşan maraqlar: ABŞ və Rusiya nə istəyir? (ŞƏRH)
Siyasət 13:45 31.07.2024

Zəngəzur dəhlizində toqquşan maraqlar: ABŞ və Rusiya nə istəyir? (ŞƏRH)

"Əgər ABŞ-ın belə bir məqsədi varsa, bu plan Azərbaycanın planı ilə üst-üstə düşür. Söhbət Zəngəzur dəhlizindən gedir. Azərbaycan da Zəngəzur yolunun açılmasını istəyir. Əgər ABŞ da buna çalışırsa, bu addımı alqışlamaq lazımdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ABŞ-ın Ermənistan və Azərbaycan üzərindən reallaşacaq ticarət yolunun iqtisadi əhəmiyyətini izah edərkən deyib. 

Onun sözlərinə görə, bu xəbərlərdən də məlum olur ki, adıçəkilən yolun açılışında ən böyük maneə Ermənistan deyil:


 
"Ən böyük maneə elə Rusiyadır. Çünki Rusiyanın tələbi var, əgər yol açılacaqsa, ancaq və ancaq Moskvanın nəzarətində olacaq. Bu, Ermənistan, ABŞ, elə Azərbaycanın özünə də sərf eləmir. Ona görə də bu yolun açılmasında ən böyük maneə Rusiyadır". 
 
Politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov vurğuluyub ki, bəyanat verilsə də, onun hansı şəkildə icra olunması hələ də bəlli deyil:


 
"Azərbaycanın Ermənistana aid tələbi, daha doğrusu 10 noyabr sənədində göstərilən tələbi bir az fərqlidir. Müvəqqəti olaraq Rusiyanın  nəzarətində olmalı idi. Amma Ermənistan buna imkan vermir. Azərbaycanın istəyi ondan ibarətdir ki, ölkənin iki hissəsi arasında bağlantı olmalıdr. Azərbaycan tamamilə istəyir ki, bu məsələdə ölkənin iki hissəsi normal şəraitdə bir-biri ilə bağlantılı olsun. ABŞ-a gəlincə isə görürük ki, onların da digər istəkləri var. Bundan əlavə Çinin də öz planları var. Dəhliz və müxtəlif layihələr və s. onun icrasına nail olmaq üçün artıq praktik işlər görülüb. Məsələn, Azərbaycanla hansısa danışıqlar gedir, Çin tərəfindən investisiyalar veriləcək. Çin bu dəhlizi yaratmaq üçün Gürcüstanda da investisiyalar qoymaq fikirindədir. Yəni, müxtəlif ölkələrin müxtəlif baxışları var. Azərbaycan öz maraqlarına uyğun olaraq ilk növbədə istəyir ki, ölkənin iki hissəsi arasında bağlantı olsun və vətəndaşlarımız təhlükəsizlik şəraitində, müxtəlif bürokratik əngəllər olmadan Azərbayanın digər hissələrinə səfər etsin. Bəyanatlar verilir. Baxaq görək onlar hansı addımlar atacaq". 

Qeyd edək ki, Vaşinqton Rusiya və Çindən yan keçməklə, Ermənistan və Azərbaycan əraziləri vasitəsilə Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına yeni quru dəhlizinin yaradılması imkanını nəzərdən keçirir. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->