"Bu qərar təkçə əslən Qarabağdan olan məcburi köçkünlərə deyil, bütün Azərbaycan vətəndaşlarına şamil olunacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na edilən dəyişikliyi şərh edərkən deyib.
Ekspert güzəştlərlə ev satışının çox maraqlı təklif olduğunu diqqətə çatdırıb:
"Bu, Qarabağın məskunlaşmasında öz rolunu oynayacaq. Amma şərtlər elan olunmayıb. Bu şərtlərin elan edilməsindən sonra nə qədər effekt verəcəyini görəcəyik. Azərbaycan vətəndaşlarının istədiyi yerdən ev almaq hüququ var. Bu səbəbdən düşünürəm ki, qərar bütün vətəndaşlara şamil olunacaq".
Natiq Cəfərli qərarın nə qədər effekt verəcəyini bilmək üçün onun yerinə yetirilmə şərtlərinə baxmağı məqsədəuyğun sayır.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərman ilə "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilib. Qərara görə, Qarabağda güzəştli şərtlərlə ev almaq mümkün olacaq.
Bahar Rüstəmli
Şərhlər