Kreml hələki bunu rəsmən inkar etsə də, indi hamını daha çox bir sual düşündürür: görən, ruslar Xarkovu götürə biləcəkmi?
Bir daha deyirik ki, Moskva belə planlarının olmadığını bildirsə də, Rusiya qoşunları Xarkova doğru yaxınlaşır, amma onlar bu şəhərə doğru irəlilədikcə bu cür sualların qarşılığında müəyyən tərəddüdlər də yaşınır. Ən azı ona görə ki, rus qoşunları çox ləng hərəkət edir və bunun da əsas səbəbi odur ki, onlar Ukrayna qoşunlarının ciddi müqavimətilə qarşılaşırlar. Amma siyasi təhlilçilər bir detala diqqət yetirir: ötən il ruslar cəmi 600 kv km işğal edə bilsə də, bu ilin yarısı ərzində bu ədəd 800 kv km olub. Buradan belə nəticə çıxır ki, vaxt keçdikcə ukraynalıların müqaviməti zəifləyir və onlar rusların həmləsi qarşısında çətinliklə duruş gətirə bilirlər...
Belədə isə üçüncü ildir ki, davam edən müharibənin artıq çox acı nəticələri var: bir çox siyasi təhlilçilər bu fikirdədir ki, Ukrayna artıq bir dövlət kimi yoxdur, o, bütünlüklə xarici maliyyə və hərbi yardımlardan asılıdır.
Bəli, keçmiş Ukraynadan yalnız dağıdılmış ərazi qalıb. Burada anologiya kimi elə rusların öz təcrübəsindən misal gətirə bilərdik: almanlarla müharibə zamanı sovetlərə də yardımlar olurdu, amma SSRİ-nin özünün möhtəşəm hərbi-sənaye kompleksi vardı, çox çətinliklə olsa da, birtəhər əhalisini yola verə bilirdi. Ukrayna bunların hamısından artıq məhrum olub: əhalinin böyük hissəsi ölkəni tərk edib, onun demoqrafik resursları demək olar ki, tükənmək üzrədir. Sənayedən, ən əsası da hərbi sənayedən danışmağın heç yeri yoxdur, bir daha deyirik ki, ölkə bütünlüklə xarici hərbi yardımlardan asılıdır.
Çox təəssüf ki, bu illərin ərzində ukraynalılar daha çox "rəngli inqilablar" etməyi öyrəndilər. Amma inqilablar ən yaxşı halda sadəcə, bir vasitədir ki, ölkə və onun cəmiyyəti irəli gedə bilsin. Üstəgəl, hələ də məlum deyil ki, bu inqilablar "aşağı”lardan gəlirdi, yoxsa bütün onlar oliqarxların əməlləri idi? Bəli, Ukrayna oliqarxların ölkəsi idi, bunu hətta indiki zamanda onların əsas müttəfiqi olan ABŞ da qeyd edirdi - yadınıza gəlirsə, keçmiş ABŞ prezidenti Donald Tramp NATO-nun kuluarlarında yalnız bu haqda danışırdı...
Müharibə başlayandan sonra Avropa İttifaqı Ukrayna haqqında bir sıra mühüm qərarlar qəbul etdi, amma bütün bunlar geosiyasi mülahizələr zəminində olurdu. Məhz bu mülahizələr sayəsində Kiyev Avropa İttifaqına namizəd ölkə statusunu ala bildi...
Bəs perpektiv necə görünür? Artıq heç kim ukraynalıların müharibədə ciddi dönüş yarada biləcəyinə inanmır. Belə anonslar çox oldu. Amma indi hamı bu fikirdədir ki, ciddi dönüş o vaxt olacaq ki, NATO bilavasitə müharibəyə qatılacaq və keçmiş Yuqoslaviya savaşında serbləri yerində oturtduğu kimi rusların da "dərsini” verəcək. Amma NATO ölkələri hələ buna qərar verə bilmir: Moskva özünü elə göstərir ki, sanki onun itirməli bir şeyi yoxdur, lazım gələrsə, nüvə müharibəsinə də başlaya bilər.
Doğrusu, biz bu cür bəyanatların ciddiliyinə inanmırıq. Yuqoslaviya müharibəsi daha çox "Primakov ilgəyi”lə yadda qaldı, Kreml bundan artıq heç nə edə bilmədi. Bundan bir az əvvəl ruslar Əfqanıstanı da qoyub qaçmışdılar, halbuki bu ölkədə də böyük qurbanlar və itkilər vermişdilər.
Düşünürük ki, NATO Ukrayna müharibəsinə qatılacağı halda da belə olacaq. Amma bir daha deyirik ki, Qərb tələsmir. Düzdür, Ukraynaya hər cür yardım edilir, fəqət, bu, azlıq edir.
Həm də buradakı statistika da nikbinlik üçün elə bir əsas yaratmır. Belə deyirlir ki, Şimali Koreya bir ay ərzində Rusiyaya Qərbin Ukraynaya bir il ərzində verdiyi artilleriya mərmisəndən çox verir. Odur ki, ümidlər qalıb ABŞ-dakı seçkilərin nəticələrinə: ya Qərb ciddi şəkildə müharibənin dayandırılması yollarını arayacaq, ya da ki, Kremli başqa yollarla və üsullarla başa salmalı olacaq...
Hüseynbala Səlimov
Şərhlər