Xəbər lenti

Tural Abbaslı:
Siyasət 12:50 06.02.2023

Tural Abbaslı: "Məni tənqid edənlər Qərbin agentləridir"

"Müxalifətin səhər yeməyi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşkilatçılığı ilə baş tutub”. 

Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı müxalifətin səhər yeməyi arxasında çəkilən və sosial şəbəkədə tənqid olunan fotolardan danışarkən deyib. Tural Abbaslı bildirib ki, zaman-zaman 4 partiya-  AMİP, Azərbaycan Xalq Partiyası (AXP), Böyük Quruluş Partiyası (BQP) və AĞ Partiya rəhbərliyi bir araya gəlir:

"Demək olar ki, artıq bir ildən çoxdur tez-tez səhər yeməyində toplaşırıq. Dünyada belə bir ənənə var, biz də qeyri-rəsmi formatda toplaşdıq, fikir mübadiləsi apardıq. Burada qeyr-adi heç nə yoxdur, "Siyasi partiyalar haqqında” yeni qanun layihəsini, qarşıda duran məsələləri, son qiymət artımlarını müzakirə etdik. Düşünürəm ki, Azərbaycandakı partiyalar bir-biri ilə ünsiyyətdə olmalıdır. Köhnə, mağara təfəkkürlü siyasət geridə qalmalıdır, inkişaf eləmək lazımdır”.
 


Tural Abbaslı deyir ki, belə toplantılar hər dəfə bir partiyanın təşkilatçılığı ilə ərsəyə gəlir:

"Növbəti dəfə də bir başqa partiyanın təşkilatçılğı ilə görüşəcəyik. Düşünürəm ki, dügər partiyalar da öz aralarında belə məsləhətləşmələr aparsalar yaxşı olar”.

Tural Abbaslı sosial şəbəkədə "siz müxalifət deyilsiniz” deyə onları tənqid edənləri də cavabsız qoymayıb:

"Bizim nəyimizi tənqid edəcəklər? Mən də bizi tənqid edənləri müxalifət olmamaqda ittiham edirəm. Mən də onları Amerikanın, Britaniyanın agenti olmaqda ittiham edirəm”. 

Qeyd edək ki, AMİP, AXP, BQP və AĞ partiya rəhbərliyi restoranların birində səhər yeməyində görüşüb. Sözügedən görüşün fotosu sosial şəbəkələrdə tənqid olunub, izləyicilər onları müxalifətdən daha çox hakimiyyətlə iş birliyi qurmaqda ittiham ediblər. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->