Ukraynanın ABŞ-də keçmiş səfiri Valeri Çalının fikrincə, Vaşinqtonun eyni vaxtda iki müharibəni – Ukraynada və İranda – dayandırmaq imkanı var və bunun açarı ABŞ ilə Çin arasında razılaşmadan keçir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb.
"ABŞ Çini əmin edir ki, İranda əməliyyatları genişləndirməyəcək, bunun müqabilində isə Pekin Kremlə təzyiq göstərir ki, Ukraynada cəbhə xətti üzrə dayanmaq fürsətindən istifadə etsin”, deyə diplomat mümkün ssenarini təsvir edib.
Onun sözlərinə görə, "müttəfiqi – ayətullah rejiminə qarşı hücum fonunda çox zəif və aciz görünən” Kreml seçim qarşısındadır. Diplomat hesab edir ki, bu variant real şansdır.
Çalı yazıb ki, Avropa İttifaqı bunu qəbul etməyə və dəstəkləməyə məcbur olacaq, həmçinin İsraillə danışıqlar aparacaq. BƏƏ, Bəhreyn, Qətər və regionun digər ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı da buna qarşı çıxmayacaq, bəziləri isə hətta bunu alqışlayacaq. Türkiyə, Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri üçün də yeni milyonlarla qaçqın dalğası arzuolunan deyil.
Diplomatın fikrincə, bundan sonra Ukrayna atəşkəs əldə edə bilər.
"Geosiyasi baxımdan pis görünmür. Hər kəs simasını qoruyur. Sülh bərpa olunur. Donald Tramp isə regional səviyyəyə keçə biləcək iki müharibəni dərhal dayandırmış olur... Lakin böyük dövlətlərin artıq bu kateqoriyalarla düşünüb-düşünmədiyinə əminlik yoxdur. Təəssüf ki, Pandoranın qutusu artıq açılıb”, deyə Çalı əlavə edib.
Tramp Ukrayna və İranda müharibələrin dayandırılması barədə nə deyir?
Daha əvvəl bildirildiyi kimi, Donald Tramp Ukraynada müharibənin bir ay ərzində başa çatmasını istədiyini deyib. "Axios" nəşrinin yazdığına görə, o, fevralın 25-də Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında bu mövqeni ifadə edib. Zelenski döyüşlərin bu il başa çatacağına ümid etdiyini bildirəndə, Tramp müharibənin artıq çox uzun çəkdiyini və onun bir ay ərzində bitməsini istədiyini deyib.
Bundan əvvəl o, ABŞ-nin Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün fəal işlədiyini bəyan etmişdi. Onun sözlərinə görə, bu müharibədə hər ay 25 minə yaxın əsgər həlak olur. Tramp həmçinin qeyd edib ki, əgər o prezident olsaydı, bu müharibə heç vaxt başlamazdı.
İrandakı əməliyyatlarla bağlı isə Ağ Ev rəhbəri bildirib ki, bombardmanlar Yaxın Şərqdə və nəticə etibarilə bütün dünyada sülhə nail olmaq üçün məqsədimizə çatana qədər – bir həftə və ya lazım olduğu qədər – fasiləsiz davam edəcək.
Aydın
Şərhlər