İnsanlar tez-tez müşahidə edirlər ki, kofeinli qəhvənin qəbulu azaldıqda yuxular daha parlaq olur. Bununla bağlı elmi araşdırmalarda birbaşa sübutlar az olsa da, alimlər bunun mümkün mexanizmini izah edirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent”
yazır.
Eppleton İnstitutu və Avstraliya Katolik Universitetinin alimlərinin apardığı qəhvənin yuxuya təsiri ilə bağlı araşdırma bunun səbəblərini anlamağa kömək edir.
Alimlərin xatırlatdığına görə, kofein – gün ərzində yığılan və orqanizmin yuxuya getməsinə yardım edən adenozinin təsirini bloklayan stimulyatordur. Nəticədə insan özünü daha uzun müddət gümrah hiss edir, lakin yuxunun strukturu dəyişə bilər: o, daha tez-tez bölünür. Ən çox dərin, bərpaedici yuxu, həmçinin ümumi davamiyyət zərər görür.
İnsan kofeini azaltdıqda isə orqanizm sanki "itiriləni bərpa edir”. Yuxu həm uzanır, həm də keyfiyyəti artır. Bu zaman birbaşa yuxugörmələrlə bağlı olan REM fazasının müddəti də artır. REM fazasında beyin ən aktiv olur, yuxular daha parlaq detallarla zənginləşir. Həm də məhz bu mərhələdə insan gecənin ortasında və ya səhər daha tez-tez oyanır. Buna görə də bu yuxular daha real görünür və yaxşı yadda qalır. Bəzi insanlar kofeindən imtina etdikdən sonra yuxularını "kino effekti” ilə müqayisə edirlər.
Qeyd edilməlidir ki, bu effekt hər kəsdə müşahidə olunmur və adətən uzun sürmür – yalnız bir neçə gün və ya həftə davam edə bilər. Burada fərdi xüsusiyyətlər, stres səviyyəsi, yuxu rejimi və hətta genetika rol oynayır. Buna görə də kofeindən imtina etdikdən sonra parlaq yuxuların yaranması daha çox yayğın təcrübədir, nəinki qaçılmaz nəticə.
Araşdırmada deyilir ki, yuxunun keyfiyyətini kofeindən tam imtina etmədən də yaxşılaşdırmaq mümkündür. Bunun üçün gün ərzində qəhvə içmək olar, lakin istirahətdən 8-12 saat əvvəl qəhvə, enerji içkiləri və ya tünd çaydan uzaq durmaq məsləhətdir. Bu yanaşma həm gecə oyanmalarını azaldır, həm də orqanizmin REM fazasına təbii keçidinə kömək edir.
Yeni tədqiqatın nəticələrinə görə, qəhvə orqanizm üçün faydalıdır. Lakin onu düzgün içmək vacibdir. Gün ərzində bir-üç fincanla məhdudlaşmaq, qəhvəni yağlı qaymaq əlavə etmədən və az miqdarda şirinlə içmək tövsiyə olunur. Alimlərin qeyd etdiyinə görə, hətta yarım çay qaşığı şəkər belə içkinin faydalı təsirini azalda bilər.
Alpər
Şərhlər