Hazırda tətbiq edilən qaydalar əsasında taksi fəaliyyəti ilə məşğul olan şəxslər avtomobilini yenilədikdə onlara hansısa problem yaranıb-yaranmayacağını məsələsindən narahatdırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.Az-a müraciət daxil olub.
"Səkkiz ildir taksi fəaliyyəti ilə məşğulam. Bütün sənədlərim qaydasındadır. Keçən il fəaliyyət göstərməyim üçün yeddi illik icazə almışam. İndi maşını dəyişmək istəyirəm. Bilmək istərdim ki, yeni maşın alsam, taksi fəaliyyəti göstərməyimə problem yarana bilərmi?", - deyə müraciətdə yazılır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)mətbuat katibi Tural Orucov bildirdi ki, taksi minik avtomobili ilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər:
"Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır. Buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə məhz taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. Buraxılış vəsiqəsi olan şəxs yeni avtomobillə taksi fəaliyyəti göstərmək istəyirsə, əvvəlki avtomobilin buraxılış kartını ləğv etdirməli və digər avtomobil üçün 31 dekabr 2025-ci ilə qədər yeni buraxılış kartı əldə etməlidir".
T.Orucov vurğulayıb ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobili kimi istifadə oluna bilməz.
"1 iyul 2024-cü ildən bu yana buraxılış tarixindən səkkiz ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilmir. Qanunvericiliyə əsasən, taksi minik avtomobillərinə buraxılış kartı yeddi il müddətinə verilir. Yəni yaşı səkkiz ilədək olan avtomobillər müvafiq icazələr alaraq 15 ilədək taksi kimi istifadə oluna bilərlər.
Eyni zamanda taksi sürücülərinin fərqlənmə nişanı alaraq fəaliyyətlərini davam etdirmələri tövsiyə olunur. "Fərqlənmə nişanı" sürücünün fəaliyyət növünə uyğun olaraq, vergi öhdəliklərini yerinə yetirir. Bundan əlavə, taksi fəaliyyəti göstərən sürücülər peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olunur, sonda imtahan verirlər. İmtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirməyə hüquq qazanırlar. Bütün proseslərə tam nəzarətin təmin edilməsi məqsədilə "E-taksi" alt sistemi yaradılıb. Bütün taksi icazələrinin verilməsi fiziki təmas olmadan onlayn qaydada həyata keçirilir", - deyə T.Orucov bildirib.
Şərhlər