Avropa Kosmik Agentliyi (ESA) gələcəkdə Yerə dəyəcəyi qaçılmaz olan nəhəng super Günəş fırtınasına qarşı hazırlıqlarını ən yüksək səviyyəyə qaldırıb.
Qaynarinfo xəbər verir ki, Almaniyanın Darmştadt şəhərində yerləşən idarəetmə mərkəzində keçirilən təlimdə, 1859-cu ildə qeydə alınmış ən güclü geomaqnit hadisəsi — Carrington hadisəsi — ilə müqayisə oluna biləcək ssenari simulyasiya edilib.
Simulyasiyanın nəticələrinə əsasən, heç bir kosmik aparat zərərsiz qalmayıb. Bu, kosmik dövrün ən böyük kabusunu ortaya qoyur. Noyabr ayında buraxılması planlaşdırılan "Sentinel-1D” missiyasından əvvəl həyata keçirilən bu sınaq, kosmik aparat əməliyyatlarını və Günəş fəallığına hazırlığı yoxlamaq məqsədi daşıyıb. Günəş burada üç mərhələli bir təhdid mənbəyi kimi çıxış edib.
"Sentinel-1D” kosmik aparatının əməliyyatlar üzrə direktor müavini Tomas Ormston bildirib ki, belə bir hadisə baş verərsə, "yaxşı həll yolu yoxdur”. Onun sözlərinə görə, əsas məqsəd peyki mümkün qədər qorumaq və zərəri minimuma endirməkdir.
Günəşdən gələn üçlü təhlükə
Simulyasiya, super Günəş fırtınasının orbitdəki peyklərə və yerüstü infrastruktur sistemlərinə necə təsir göstərə biləcəyini mərhələli şəkildə nümayiş etdirib. Əvvəlcə nəhəng bir Günəş partlayışı baş verib və onun radiasiyası cəmi səkkiz dəqiqə ərzində Yerə çatıb. Bu sürətli radiasiya axını rabitə, radar və peyk izləmə sistemlərini dərhal pozub.
Sonra yüksək enerjili proton, elektron və alfa hissəciklərindən ibarət hissəcik yağışı orbitdəki peyklərə çırpılıb. Bu toqquşmalar nəticəsində cihazlarda səhv göstəricilər, məlumat pozuntuları və potensial texniki nasazlıqlar yaranıb.
Təxminən 15 saat sonra Günəşdən buraxılan böyük koronal kütlə atımı (CME) Yerın maqnit sahəsinə güclü şəkildə çırpılıb. Bu zərbə nəticəsində planetin üst atmosferi genişlənərək, peyklər üzərindəki sürtünməni 400 faizədək artırıb. Nəticədə peyklər proqnozlaşdırılmış orbitlərindən çıxıb, toqquşma riski artıb və ömürləri qısalıb. Həmin fırtına eyni zamanda yerüstü elektrik şəbəkələrini və boru kəmərlərini geomaqnit enerjisi ilə həddindən artıq yükləmə təhlükəsi yaradıb.
Heç bir kosmik aparat təhlükəsiz deyil
ESA-nın kosmik hava modelləşdirmə üzrə koordinatoru Xorxe Amaya bildirib ki, Günəşin buraxdığı bu nəhəng enerji axını orbitdəki bütün peyklərə zərər verə bilər. Onun sözlərinə görə, "Carrington hadisəsi” böyüklüyündə bir partlayış Aşağı Yer orbitindəki heç bir kosmik aparatı təhlükəsiz qoymayacaq.
Simulyasiya zamanı idarəetmə qrupları real vaxtda, yüksək gərginlik altında qərar verməyə məcbur olublar. Bu təcrübə, belə bir hadisə zamanı atılacaq addımlar barədə çox qiymətli məlumatlar qazandırıb. ESA alimləri əmindirlər ki, bu cür hadisə baş verəcək — yalnız vaxt məsələsidir. "Sentinel-1D” simulyasiya rəhbəri Qustavo Baldu Karvalyo vurğulayıb: "Əsas məsələ bunun baş verib-verməyəcəyi deyil, nə vaxt baş verəcəyidir”.
Qaçılmaz olan bu vəziyyətə hazırlaşmaq üçün ESA müşahidə şəbəkəsini genişləndirir və 2031-ci ildə buraxılması planlaşdırılan "Vigil” missiyasına hazırlaşır. Yeni kosmik aparat Günəş–Yer sisteminin L5 nöqtəsində yerləşdiriləcək və yaxınlaşan Günəş partlayışlarını daha erkən aşkarlayaraq həm kosmik aparatların, həm də yerüstü infrastrukturların daha sürətli bərpasını təmin etməyə çalışacaq.
Aydın
Şərhlər