Astronomlar 2025 PN7 adını verdikləri kiçik bir asteroidin 1960-cı illərdən bəri Yer kürəsinin orbitini demək olar ki, tam şəkildə izlədiyini müəyyən ediblər. Nadir "yarı-ay” növünə aid olan bu göy cismi, Ay kimi Yer ətrafında deyil, Günəşin ətrafında fırlanır və hesablamalara görə 2083-cü ilə qədər planetimizə müşayiət edəcək.
Qaynarinfo xəbər verir ki, səma üzərində baxdığımızda gördüyümüz yeganə təbii peykimiz olan Ay, Yer kürəsinin ən böyük və ən aşkar səma yoldaşı kimi tanınır. Lakin yeni kəşf göstərir ki, Yer təkcə Aydan ibarət deyil - altmış ildir səssiz şəkildə bizi izləyən başqa bir "yoldaşı” da var.
Amerika Astronomiya Cəmiyyətinin "AAS Research Notes" jurnalında dərc edilən araşdırmada, Yer kürəsinin orbitinə çox bənzər bir trayektoriyada hərəkət edən kiçik asteroidin aşkarlanması barədə məlumat verilib. 2025 PN7 adlı bu göy cisminin 1960-cı illərdən bəri planetimizin yaxınlığında hərəkət etdiyi və daha bir neçə onillik bizimlə birlikdə qalacağı ehtimal olunur.
Havay Universitetindən astronomlar tərəfindən ilin əvvəlində aşkarlanan PN7, adi gecə müşahidələri zamanı diqqətə çarpıb. Yer orbitini təqib edən qəribə bir nöqtə müşahidə edildikdə, tədqiqatçılar məlumatı NASA-ya ötürüblər və obyekt artıq rəsmi məlumat bazasında qeydiyyata alınıb.
2025 PN7 elmi ədəbiyyatda "yarı-ay” (quasi-moon) adlanan nadir göy cisimləri sinfinə daxildir. Bu tip obyektlər sanki Yer kürəsinin orbitində fırlanırmış kimi görünür, lakin əslində Günəş ətrafında dövr edirlər.
PN7-nin trayektoriyası Yerinki ilə o qədər bənzərdir ki, sanki bizimlə yanaşı hərəkət edir. Hazırda Günəş sistemi yaxınlığında bu tipdə təxminən səkkiz "yarı-ay” olduğu güman edilir.
Ayın əksinə olaraq, 2025 PN7 gerçək mənada Yer peyki deyil. O, Günəşin orbitində hərəkət edən, lakin təsadüfi uyğunluq nəticəsində Yer orbitinə çox yaxın şəkildə dönən çox kiçik bir asteroid sayılır.
PN7 astronomik baxımdan Yerə "yaxın” hesab olunsa da, elm adamları onun tamamilə zərərsiz olduğunu bildirirlər. Bu asteroidin ölçüsü cəmi 18–36 metrdir – yəni kiçik bir evdən bir qədər böyükdür. Yer kürəsinə olan məsafəsi isə 4–17 milyon kilometr arasında dəyişir. Bu səbəbdən PN7-nin planetimizə yaxınlaşaraq toqquşma ehtimalı faktiki olaraq sıfıra bərabərdir.
Mütəxəssislərin fikrincə, 2025 PN7-nin Yer orbitini izləməsi əbədi davam etməyəcək. Asteroidin 2083-cü ilə qədər Günəş ətrafındakı hərəkətini Yer ilə eyni istiqamətdə davam etdirməsi gözlənilir. Bundan sonra isə orbitindəki kiçik dəyişikliklər nəticəsində istiqamətini dəyişəcək və Yer kürəsinin bu səssiz "yoldaşı” tədricən uzaq kosmosa doğru yol alacaq.
Aydın
Şərhlər