ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff bəyan edib ki, Ukrayna-Rusiya müharibəsində sülhə nail olmaq cəhdləri ilə bağlı nikbin əhval-ruhiyyədədir və həll edilməli cəmi bir məsələ qalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə o, Davosda keçirilən Ukrayna səhər yeməyi zamanı çıxışında deyib.
Uitkoff qeyd edib ki, Ukraynadakı müharibənin nizamlanması məsələsində müəyyən irəliləyiş əldə olunub. Onun sözlərinə görə, tərəflər "yekun mərhələdədir". Bununla belə, sülh sazişinin suallarından biri hələ də həllini gözləyir, deyə Uitkoff qeyd edib. Lakin onun fikrincə, bu məsələni həll etmək mümkündür:
"Biz tək bir suala gəlib çatmışıq, onun müxtəlif variantlarını müzakirə etmişik və görünür ki, bunu həll etmək olar. Biz bunu həll edəcəyik. Ukraynalılar bir çox şeyə layiqdirlər, çünki onlar öz mübarizələrində çox cəsarətlidirlər. Mən ukraynalılara rəğbət bəsləyirəm. Buna görə də biz bütün bunları yekunlaşdırmaq üçün Moskvaya gedirik. Bunu bitirməyin vaxtı gəlib çatıb və biz bunu edəcəyik".
Həmçinin o, Ukrayna malları üçün Amerika rüsumlarının ləğv edilməsi imkanından və sənaye şirkətlərinin Ukraynaya köçürülməsinə kömək göstəriləcəyindən danışıb.
Uitkoff yanvarın 22-si axşam Moskvaya yola düşəcəyini bəyan edib. Bundan sonra o, işçi qrupları səviyyəsində görüşlərin keçiriləcəyi Əbu-Dabiyə uçacaq.
Ötən gün Vladimir Putin bildirmişdi ki, Ukraynadakı nizamlanma üzrə dialoqu davam etdirmək, həmçinin Trampın təklif etdiyi "Sülh Şurası" təşəbbüsünü müzakirə etmək üçün Moskvada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşəcək.
Xatırladaq ki, Ukrayna nümayəndə heyəti ABŞ prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff ilə görüş keçirib. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun sözlərinə görə, danışıqların əsas mövzuları iqtisadi inkişaf, müharibədən sonrakı bərpa və Ukrayna üçün təhlükəsizlik zəmanətləri olub.
Alpər
Şərhlər