Xəbər lenti

Söhbət Naxçıvana dəhlizdən gedirsə...
Hüseynbala Səlimov
Siyasət 11:00 16.09.2024

Söhbət Naxçıvana dəhlizdən gedirsə...

Doğrusu, Naxçıvanda cəmi bircə dəfə olmuşam. O da ötən əsrin doxsanıncı illərində, bizim o vaxtki partiyanın – AXCP-nin sədri, rəhmətlik Əbülfəz Elçibəyin hələ Kələki kəndində olduğu vaxtlarda. 

Onu da deyim ki, o vaxt mən təkcə AXCP üzvü deyildim, həm də bu partiyanın ən rəhbər orqanının – Rəyasət Heyətinin üzvü idim. Biz Naxçıvana çox mühüm bir iclasda – Rəyasət Heyətinin xüsusi iclasında iştirak etmək üçün getmişdik. 

Nə iclas idi bu – bax, onu deməyəcəm, qoy, oxucu fikirləşsin ki, guya bunlar da nə vaxtsa "böyük-böyük problemlər” həll ediblər.

Aydın məsələdir ki, hamımız o vaxt Naxçıvana getmək üçün yeganə nəqliyyat vasitəsindən – təyyarədən istifadə etmişdik. Bəli, Naxçıvana təyyyarə ilə uçduq, elə geri də təyyarə ilə qayıtdıq.

Mümkündür ki, bu çox kiçik "lirik haşiyə” bizim həmişə tələskən və həmişə tələbkar oxucuda müəyyən suallar yaradacaq və o, soruşacaq ki, görən, müəllif nəyə görə birdən özünün müxalifətçi keçmişini xatırlatdı?

Odur ki, daha "lirik xatirə”lərə varmayacam və dərhal mövzuya keçəcəm. Məsələ bundadır ki, indi elə bir gün olmur ki, bizim müstəqil və qeyri-müstəqil siyasi təhlilçilərimiz ölkə KİV-də "Zəngəzur dəhlizi” məsələsini müzakirə etməsinlər. Prinsipcə, başadüşülən situasiyadır bu – axı "Zəngəzur dəhlizi” bütün azərbaycanlılar və Azərbaycan üçün çox vacib məsələdir!

Bu dəhliz həqiqətən də "türk dəhlizi”, mühüm geosiyasi və ya geoiqtisadi meqa-layihə ola bilər. Bu məsələdə mən bizim müstəqil və qeyri-müstəqil təhlilçilərimizin dediklərilə əsasən razıyam, amma çox kiçik bir düzəlişlə. 

O da budur ki, bəylər, müəllimlər, gəlin bir az təvazökar olaq, yoxsa adamın yadına lap böyük Üzeyir Hacıbəylinin məşhur felyetonu düşür: biz daim kiçik milçək düzəltmək əvəzinə dərhal böyük fil yaratmağa girişirik və bununla da hamını duyuq salır, hətta şübhələndiririk – onlar da təşvişə düşürlər ki, bəs, müsəlmanlar, deyəsən, nəsə qayırırlar.

Mənim əzizlərim, bu müzakirə olunan "Zəngəzur dəhlizi”nin lokal mənası da var: o, həm də Naxçıvanı Azərbaycanın qalan hissəsilə birləşdirməli və Muxtar Respublikanın, az qala, qırx illik blokadasına son qoymalıdır. 
Amma hər dəfə bu qəbildən olan müzakirələri dinləyəndə qeyri-ixtiyari olaraq bir sual keçir beynimdən və özümdən soruşuram: sən heç Naxçıvana Ermənistan ərazisindən keçən qatarla və yaxud avtomobillə gedərsənmi? Tam səmimi etiraf edim ki, dərhal "hə” deməyə tərəddüd edirəm, hərçənd ki, səhv etmirəmsə, cəmi otuz-qırx kilometrdən söhbət gedir!

Bilirəm, bizim səbrsiz və həmişə tələbkar oxucu dərhal etiraz edərək deyəcək ki, elə indicə dedin ki, Naxçıvana təyyarə ilə getmisən, məgər təyyarə Ermənistan üzərindən uçmurmu? Düzdür, səhv etmirəmsə, həqiqətən də belədir, Naxçıvana təyyarə, deyəsən, elə həqiqətən də Ermənistanın üzərindən uçur. Amma birincisi, bu, bircə dəfə olmuşdu, ikincisi də ki, mülki aviyasiya ilə bağlı beynəlxalq qanunvericilik daha sərtdir, ona görə də adam özünü nisbətən təhlükəsiz hiss edir.
Üstəlik, burada ciddi bir məqam var. Lap tutaq ki, axırda hamı razılığa gəldi ki, qoy, dəhlizin təhlükəsizliyini ruslar təmin etsin. Onlara inanmaq olarmı? Əlbəttə ki, yox! Ona görə ki, rus əsgər və zabitlərinin gözləri önündə ötən əsrin sonlarında yüz minlərlə soydaşımız Ermənistandan qovuldular, incidildilər, təhqir edildilər. Ruslar isə ən yaxşı halda bunu sakitcə seyr etdilər, bir çox hallarda isə, azərbaycanlı əhalinin qovulmasında erməni millətçilərinə yardımçı oldular! Bəli, rus əsgər və zabitlərinin bilavasitə iştirakı ilə ermənilər bizim torpaqlarımızı işğal etmişdilər. Bunu da unudaqmı? Hətta İkinci Qarabağ Savaşından sonra müvəqqəti olaraq Dağlıq Qarabağda yerləşən "rus sülhməramlıları” İrəvana yolun lap ağını çıxarmışdılar, ötən əsrin səksəninci illərində, A.Volskinin "xüsusi idarəçiliyi” vaxtında olduğu kimi təlimatları İrəvandan alırdılar! Yaxşı ki, rədd olub getdilər!

Və yaxud da bircə anlığa fərz edək ki, təhlükəsizliyi ABŞ və ya Avropa ölkələri təmin edəcəklər. Onda necə? Birincisi, ABŞ–ın nə vaxtsa bura kiçik də olsa, hərbi kontingent göndərməsi heç inandırıcı görünmür. Belədə isə, otuz il ərzində ermənilər Azərbaycana və onun xalqına qarşı olmazın cinayətlər törətdilər, amma ABŞ və Avropa ölkələri bircə dəfə belə olsun, onları nəinki ittiham etmədi, hətta qınamadı da! Dörd axımlı, "dişsiz” qətnamə qəbul etdilər, amma onların da tələbləri düz otuz il kağız üzərində qaldı! Hətta Azərbaycan özü ərazilərini azad edəndən sonra belə onlar yenə də "suyu bulandırmaq”da davam edirlər...

Hazırda şaiyələr gəzir ki, dəhlizin təhlükəsizliyini guya hansısa "beynəlxalq şirkət” təmin edə bilər. Olsun! Amma bizə bir məsələ hələ də aydın deyil: söhbət dəhlizdən gedirsə, gələcək dəhliz Azərbaycan ərazilərini birləşdirəcəksə, bu, Azərbaycanın suveren sferası olmalıdır. Burada rusiyalı, amerikalı, avropalı "sülhməramlı”ların nə işi var? Axı bir daha deyirik ki, söhbət Azərbaycanın suverenliyində olan çox kiçik bir zonadan gedir!

Yox, əgər söhbət sadə avtomobil xəttindən və yaxud da ki, dəmiryolundan gedirsə, gəlin xatırlayaq - bizim Bakı-Tiflis-Qars kimi dəmiryolu xəttimiz var ki, o, hazırda bizi qardaş Türkiyə ilə birləşdirən yeganə dəmiryolu xəttidir. İndi "Zəngəzur dəhlizi”lə bağlı deyilənlər bir vaxt Bakı-Tiflis-Qars xətti haqqında da deyilirdi - ərz edilirdi ki, bu xətt türk dövlətlərini birləşdirəcək, bütün Asiyanın Avropaya gedən yükləri buradan keçəcək və s. Buna nə qədər vaxt və vəsait sərf olundu! İndi niyə biz bu xətti Qarsdan Naxçıvana qədər uzatmayaq, axı bir vaxt belə təkliflər də vardı! Üstəlik, bizim gələcəkdə Naxçıvana strateji, məsələn, hərbi təyinatlı yüklərimiz də ola bilər və bunun üçün Bakı-Tiflis-Qarsdan etibarlı xətt ola bilərmi? Bəlkə də səhv edirik, amma bizə belə gəlir.

Qeyd edək ki, bir ehtiyat variantı da var. Dəmiryolunu və avtomobil xəttini biz İran ərazisindən də keçirə bilərik, hətta bir ara söhbətlər gəzdi ki, guya Bakı bu xüsusda Tehranla danışıqlar da aparıb. 

Qeyd edək ki, bu halda məsafə heç də böyüməyəcək. Əlbəttə, İran da bizə dost ölkə deyil, nə qədər çalışırıq, amma Tehran bizə inanmır ki, inanmır, daim ayağımızın altını qazımaqda davam edir. İndinin özündə onlar ərz edirlər ki, guya  "Zəngəzur dəhlizi” bunlarçün qırmızı xətdir! Başa düşmək olmur: İrəvan Bakıya öz ərazisindən kiçik dəhliz verirsə, bunun Tehrana nə isti–soyuğu? 

Amma bütün hallarda, İran Ermənistan deyil, Tehran bizimlə bütün əlaqələri qırmağa cəsarət etmir. Ona görə ki, biz də müsəlmanlarıq, üstəlik də əsasən şiəyik. Həm də İranda qırx milyona qədər soydaşımız yaşayır və bunların heç də hamısı Şimal Azərbaycanına və onun problemlərinə biganə deyillər. Odur ki, İran variantını da ən azı nəzərdə tuta bilərik, amma Bakı-Tiflis-Qars xəttini unutmamaq şərtilə, çünki belə bir məsəl var, deyirlər: əsl müdriklər bütün sürprizlərə hazır olurlar!
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->