Dünyada milyarderlərin sayı 2031-ci ilə qədər təxminən 4 minə çata bilər, çünki ən varlı təbəqənin sərvət toplama tempi sürətlə artır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” yazır.
"Knight Frank” şirkətinin analitikasına görə, hazırda dünyada 3 110 milyarder var. Proqnozlara əsasən, bu rəqəm növbəti beş il ərzində 25% artaraq 3 915 nəfərə çata bilər.
Eyni zamanda, multimilyonerlərin də sayı sürətlə artır. 30 milyon dollardan çox sərvəti olan insanların sayı 2021-ci ildə 162 mindən 713 mindən çoxa yüksəlib ki, bu da üç dəfədən çox artım deməkdir.
"Knight Frank”ın tədqiqat şöbəsinin rəhbəri Liam Beyli bildirib ki, texnologiya sektorunda, xüsusilə süni intellekt sahəsində gəlirlər hesabına milyarderlərin və milyonerlərin sərvəti dəfələrlə artıb.
"Biznesi genişləndirmək üçün imkanlar heç vaxt bu qədər yüksək olmayıb. Bu, süni intellekt və texnologiyaların da dəstəyi ilə çox qısa zamanda böyük sərvətlər qazanmağa şərait yaradıb”, deyə o bildirib.
Araşdırmaya görə, milyarderlərin sayı ən sürətlə Səudiyyə Ərəbistanında artacaq – 2026-cı ildə 23 olan sayı 2031-ci ildə 65-ə yüksələcək. Polşada bu göstərici 13-dən 29-a, İsveçdə isə 32-dən 58-ə (81% artım) çata bilər.
Eyni zamanda, ən varlı və ən kasıb təbəqələr arasındakı uçurum genişlənməyə davam edir. "World Inequality Report”a görə, dünya əhalisinin cəmi 0,001%-ni təşkil edən 60 mindən az insan qlobal sərvətin ən yoxsul yarısından üç dəfə çoxuna nəzarət edir.
Bu fondda varlılara daha yüksək vergi tətbiqi çağırışları da artır. "Oxfam” təşkilatı bildirib ki, ötən il milyarderlərin sayı ilk dəfə 3 mini keçib və onların ümumi sərvəti 18,3 trilyon dollara çatıb.
Dünyanın ən varlı insanı isə 785,5 milyard dollar sərvətlə İlon Maskdır. İkinci yerdə Google-un həmtəsisçisi Larri Peyc (272,5 milyard dollar), üçüncü yerdə isə Amazon-un qurucusu Ceff Bezos (259 milyard dollar) qərarlaşıb.
Aydın
Şərhlər