Xəbər lenti

İcbari sığorta növləri üzrə nə zaman sığorta ödənişi verilmir?
Ekonomiks 19:30 23.04.2026

İcbari sığorta növləri üzrə nə zaman sığorta ödənişi verilmir?

İcbari sığorta bir çox hallarda vətəndaşların maliyyə təhlükəsizliyini təmin edən əsas mexanizmlərdən biri hesab olunur. Çox vaxt sığorta hadisəsi baş verdikdə ödənişin avtomatik şəkildə həyata keçiriləcəyi düşünülür. Lakin qanunvericilik sığorta şirkətlərinə müəyyən hallarda ödənişdən imtina etmək hüququ verir. Qanunvericiliklə müəyyən edilən bu halları isə əvvəlcədən bilmək həm sığorta şirkətləri, həm sığortalılar, həm də zərərçəkənlər üçün sonradan yarana biləcək mübahisələrin qarşısını almaq baxımından olduqca vacibdir.

Qaynarinfo Mərkəzi Banka istinadən xəbər verir ki, qanunvericilikdə müəyyən edilmiş ödənişdən imtinanın ümumi əsasları ilə yanaşı, icbari növlər üzrə aşağıdakı hallarda sığorta ödənişi verilmir:

- Hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda;

- Sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda;

- Sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;

- Sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda;

- Hadisə barədə məlumat vermə ilə bağlı qanunvericiliyin tələbinə əməl edilməməsi nəticəsində sığorta şirkəti hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda;

- Zərər dəymiş əmlakın sığorta şirkətinə təqdim edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməməsi və ya qanunvericiliklə müəyyən edilmiş hallar nəzərə alınmaqla, sığorta hadisəsi barəsində sığortalının sığorta şirkətinə qəsdən yanlış məlumat verməsi nəticəsində sığorta şirkəti sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda;

- Məsuliyyəti istisna edən hallardan başqa hadisə zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi ilə bağlı baş verdikdə;

- Sığorta ödənişi verilməli olan şəxs əmlaka dəymiş zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən aldıqda; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;

- Baş vermiş hadisə icbari sığorta qanunlarına görə sığorta hadisəsi hesab edilmədikdə.

Qeyd edək ki, sığorta müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə düzgün əməl olunması bu kimi hallarla qarşılaşmamaq üçün əsas şərtlərdən biridir.
 
Günay
--> -->