Bazar ertəsi axşam Belqrad şəhərində yüzlərlə etirazçı Serbiyanın dövlət teleradio yayıcısı RTS-in binasını mühasirəyə alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Radio Slobodna Evropa" məlumat
yayıb.
RTS-in blokadaya alınmasına səbəb jurnalistin Serbiya prezidenti Aleksandar Vuçiçə verdiyi sual olub. O, etirazçı tələbələrlə bağlı "orda" terminindən istifadə edib. Bu ifadə Novi Sad şəhərində təmir olunan vağzalın damının çökməsi nəticəsində 15 nəfərin həlak olması ilə bağlı keçirilən aksiyalara münasibətdə işlədilib.
Binanın blokadası zamanı etirazçılar içəri girişə icazə verməyib, yalnız işçilərin binadan çıxmasına şərait yaradıblar. Tələbələr bəyan ediblər ki, aksiyanı 22 saat davam etdirməyi planlaşdırırlar.
Daxili İşlər Nazirliyi (DİN) polis və etirazçılar arasında qısa toqquşmaların baş verdiyini, bir polis əməkdaşının xəsarət aldığını bildirib. Lakin DİN nümayəndələri zor tətbiq edilmədiyi təqdirdə polisin aksiyaya müdaxilə etməyəcəyini bəyan ediblər.
Bundan əlavə, etirazçılar Novi Sad şəhərində yerləşən Voyvodina Radio və Televiziya (RTV) binasını da blokadaya alıblar.
Serbiya universitetlərinin tələbələri demək olar ki, hər gün mitinqlərə çıxırlar. Etirazlar Novi Sad vağzalında damın çökməsindən sonra başlayıb.
Etirazçıların əsas tələbləri:
- Vağzalın damının çökməsi ilə bağlı rəsmi sənədlərin açıqlanması;
- Günahkarların məsuliyyətə cəlb olunması;
- Aksiya iştirakçısı olan tələbələrə qarşı irəli sürülən ittihamların ləğvi;
- Ali təhsil üçün dövlət büdcəsinin artırılması.
Bu aksiyalar Serbiya prezidenti Aleksandar Vuçiçin on illik hakimiyyətinə qarşı ən böyük etiraz dalğasına çevrilib. Bir çox serb hökumətdəki korrupsiyanı faciəyə səbəb kimi görür.
Alpər
Şərhlər