Tez-tez qalmaqalları ilə gündəmə gələn, "Laser Beauty Clinic"də fəaliyyət göstərən kosmetoloq Nigar Rüfətin özünü həkim kimi təqdim edir və tələbələr hazılayır. O, bunu sübut edən videoları sosial media hesablarında da paylaşır.
Rəsmi məlumatlar göstərir ki, Nigar Rüfətin adı Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur və həkimlərin sertifikasiyası prosesindən keçməyib. Yəni qanun qarşısında o, rəsmi olaraq həkim sayılmır. Bu isə həm qanun pozuntusudur, həm də vətəndaşların sağlamlığını təhlükəyə atan ciddi bir məsələdir.
Ən təəccüblüsü isə odur ki, bütün bu faktlara baxmayaraq, Səhiyyə Nazirliyi hələ də bunun qarşısını almaq üçün heç bir tədbir görmür. Məsələ ilə bağlı nazirliyin Analitik Ekspertiza Mərkəzi Qaynarinfo-nun sorğusuna cavab olaraq Nigar Rüfətin Tibbi Kadrların Vahid Məlumat Reyestrində olmadığını təsdiqləyib:
"Səhiyyə Nazirliyinin Tibbi Kadrların Vahid Məlumat Reyestrində Nigar Rüfətin adı yoxdur. Vətəndaş estetik (plastik) əməliyyat etdirməzdən əvvəl seçdiyi həkimin bu sahə üzrə praktik tibb fəaliyyətinə icazəsinin olub-olmadığını Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş rəsmi siyahı vasitəsilə yoxlaya bilər".
Göründüyü kimi, Nigar Rüfətin özünü həkim kimi təqdim etməsi və tələbələr hazırlaması tam olaraq qanunsuzluqdur. Amma qanun pozuntusuna qarşı əməli addımlar atılmır. Bu vəziyyət sual doğurur: Niyə dövlət qurumu öz vəzifəsini yerinə yetirmir? Niyə vətəndaşların hüquqları və sağlamlığı ikinci plana atılır?
Bu məsələnin əhəmiyyəti yalnız bir şəxsin qanunsuz fəaliyyəti ilə məhdudlaşmır. O, eyni zamanda nəzarət mexanizmlərinin işləməməsini və məsuliyyətsizliyi göstərir. Tibb sahəsində fəaliyyət göstərmək üçün müəyyən standartlar və sertifikatlaşdırma prosesi var. Bu proses vətəndaşların sağlamlığını qorumaq, yanlış diaqnoz və ya keyfiyyətsiz tədrisin qarşısını almaq üçün nəzərdə tutulub. Nazirliyin buna müdaxilə etməməsi, qanun pozuntusuna göz yumması isə bu standartların əhəmiyyətini sual altına qoyur.
Niyə Səhiyyə Nazirliyi qanunsuz fəaliyyət göstərən şəxslərin qarşısını almır? Niyə tibb işçilərinin vahid reyestrinə nəzarət edilmir? Bu suallar cavabsız qalarsa, daha ciddi nəticələr doğura bilər. İnsanların sağlamlığı və həyatı risk altındadır, çünki rəsmi olaraq həkim olmayan bir şəxsin səhv diaqnoz və ya yanlış tədris nəticəsində insanlara zərər vura bilər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər 2-3 min, vəzifəli şəxslər 5-10 min, hüquqi şəxslər 20-30 min manatadək məbləğdə cərimə olunur. Qanun kifayət qədər açıqdır, amma Səhiyyə Nazirliyi ya öz məsuliyyətini dərk etmir, ya da Nigar Rüfətlə bağlı qanunun tələblərinin yerinə yetirilməməsinin başqa səbəbləri var...
Aydın
Şərhlər