Cari mövsüm bitəndən sonra baş məşqçi Aftandil Hacıyevlə yolları ayıran "Səbail” yeni mütəxəssisə tapşırıldı. Komandanı növbəti mövsümdən Mahmud Qurbanovun rəhbərliyi altında meydanlara çıxacaq. Ötən il "Neftçi”nin əvəzedicilərini çempion edən Qurbanov bu dəfə "Gəmiçilər”in uğurları üçün çalışacaq. Bəs veteran futbolçu necə bir komanda formalaşdırmaq niyyətindədir?
O, Qaynarinfo-ya müsahibəsində yeni komandası və qarşıdakı planlarla bağlı sualları cavablandırıb.
- Ötən il çempionluğa daşıdığınız komandadan ayrılmaq çətin olmadı?
- Mövsüm bitəndə yeganə konkret təklif "Səbail”dən gəldi. Rəhbərliklə danışdıq, ortaq məxrəcə gəldik və müqavilə bağladıq. 4 ildir "Neftçi”nin əvəzedicilərində idim. Yaxşı vaxtlarımız oldu. Amma bu işdir, həmişə olduğun yerdə qala bilmirsən.
- Yəqin ki, özünüz də daha iddialı klubda çalışmaq istəyirdiniz?
- Bəli, elədir.
- Hazırda "Neftçi”nin baş məşqçisinin göndərilməsi ilə bağlı müzakirələr gedir. Sizə klubda yeni iş təklif etmişdilər?
- Əvəzedicilər üçün bəli. Amma əsas komandada baş məşqçi kimi çalışmaq üçün təklif yox idi.
- "Neftçi”nin əvəzedicilərində ötən mövsümkü uğuru təkrarlamaq nə üçün mümkün olmadı?
- Bu barədə danışmışam. Düşünürəm ki, məsələyə yenidən qayıtmağın yeri yoxdur. Amma neftçisevərlərin və rəhbərliyin bizim işimizdən razı qaldığını fikirləşirəm.
- "Səbail”də bizi nələr gözləyir? Planlar necədir, rəhbərliklə hansı məsələləri müzakirə etmisiniz?
- Rəhbərliklə komandanın hədəfləri, yeni mövsümdəki çıxışı barəsində danışdıq. Qalır öhdəliyimizə düşəni edib, yaxşı komanda qurmaq. Bundan sonra yaxşı nəticələr də olacaq.
- Yeni mövsümdə "Səbail” nəyi hədəfləyib?
- Avrokubokları nəzərdə tutursunuzsa, bu il üçün belə bir hədəf yoxdur. Çalışacağıq ki, yaxşı yerlər tutaq. Mövsümü yaxşı nəticələrlə, turnir cədvəlinin yuxarı pillələrində bitirmək istəyirik.
- Komanda ilə tanış olmusunuzmu? Aftandil Hacıyev necə bir kollektiv qoyub gedib?
- Aftandil Hacıyevə saytınız vasitəsilə sağ ol demək istəyirəm. Yaxşı, gənc futbolçular cəlb edib komandaya. Həmin futbolçuların bəziləri ilə əməkdaşlığımızı davam etdirmək istəyirik. Gələn mövsüm də "Səbail”də oynasınlar. Bu yöndə işlər gedir.
- Yeni mövsümün hazırlıqlarına nə zaman başlamağı planlaşdırırsınız?
- Yəqin ki, iyunun ortasından məşqlərə start verəcəyik.
- Bu mövsüm "Səbail” üçün o qədər də uğurlu alınmadı, sonuncu pilləni tutdular. Hansı dəyişikliklər etməyi planlaşdırırsınız?
- Keçən ilə baxıb, yenidən başlamaq istəyirik. Danışdığımız futbolçulara həmişə deyirəm ki, keçən mövsüm geridə qaldı. Dünən dünəndir, bu gün və sabaha baxmaq lazımdır. Əlimizdn gələni edəcəyik.
- "Səbail”in bu mövsüm çətinlik çəkdiyi məsələlərdən biri büdcə oldu, Rəhbərlik büdcədə hansı dəyişiklikləri nəzərdə tutur?
- Büdcə məsələsində problem olmamalıdır. Normal futbolçular yığa bilərik. Klub rəhbərliyi də köməklik edəcəyini bildirib.
- Büdcədə dəyişiklik olmasa, bu sizin üçün çətinlik yarada bilər?
- Düşünürəm ki, yaxşı mənada dəyişiklik olacaq. Klub rəhbərliyi də dəstəyini əsirgəməyəcək.
- Heyətə bağlı hansı yenilikləri etmək istəyirsiniz?
- Yerlilər olacaq. Normal legionerlər tapa bilsək, cəlb edəcəyik. Oynada biləcəyimiz futbolçuarı transfer edəcəyik. Say çox olmaya bilər. Amma normal oyunçular tapmağa çalışacağıq ki, komandaya çempionatda köməyi dəysin.
- Belə başa düşülür ki, bu mövsüm qarşıya elə də böyük hədəfər qoyulmayıb.
- Mənim və rəhbərliyin hədəfləri var. Amma indi bu haqda danışmq tezdir. Yaxşı vədlər verməyin də yeri yoxdur. Çempionatda hər şeyi görəcəyik. Biz də istəyirik ki, yaxşı yerlərdə olaq.
- Komandanın daha yaxşı olması üçün xaricdə toplanış vacibdir. Bununla bağlı rəhbərlik sizə söz verib?
- Əlbəttə, danışmışıq. Yoldaşlıq görüşləri keçirmək üçün ölkədən kənara çıxmağımıza şərait yaradılacaq. Hansı ölkəyə gedəcəyimizi özümüz seçəcəyik. Təlim-məşq toplanışı və yoxlama görüşləri üçün xaricə gedəcəyik.
Səbuhi Həsənov
Şərhlər