Xəbər lenti

Rusiya və Ukraynanın gizli danışıqları necə nəticələnəcək? (ŞƏRH)
Dünya 18:41 30.10.2024

Rusiya və Ukraynanın gizli danışıqları necə nəticələnəcək? (ŞƏRH)

"Rusiya Ukrayna müharibəsini səngitmək gücündə deyil. Rusiya-Ukrayna müharibəsi daha dərin, qlobal, geosiyasi prosesin həlqəsi olduğundan Qətər kimi dövlətlərin vasitəçiliyinin töhvə verəcəyi inandırıcı deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya və Ukraynanın Qətərin vasitəçiliyilə enerji infrastrukturu obyektlərinə qarşılıqlı hücumların dayandırılması istiqamətində gizli danışıqlar apardıqları barədə məlumatı şərh edərkən deyib.

"Hərçənd Qətər Yaxın Şərqdə Rusiyanın əsas müttəfiqlərindəndir. Amma müharibə donunda Qətərlə Rusiya arasında da müəyyən çatlar yaranıb. Qətər bəzi silahların Ukraynaya verilməsi məsələsinə qoşulmaq istəyində bulundu ki, bu da onun  Rusiya ilə münasibətlərinə təsirsiz ötüşmədi. Amma eyni zamanda, Rusiyanın sanksiyalardan çıxmasında Qətərin də payı var. Bütün bunların fonunda Qətər Rusiya üçün maraqlı tərəfdaşdır. Lakin Qətərin Rusiya Ukrayna müharibəsini səngitmək gücündə olduğunu düşünmürəm. Onun yalnız humanitar dəstək tədbirlərində iştirakı  mümkündür", deyə Üzeyir Şəfiyev bildirib.
 


Ekspert qeyd edir ki, Rusiya və Ukrayna əslində bir-birinin enerji mənbələrinin vurulmasında bir qədər ehtiyatlı davranırlar: 

"Onlar müharibə vəziyyətində olsalar da enerji mənbələrinə zərbələrdən maksimum qaçmağa çalışırlar. Bu istiqamətdə hətta onlar arasında əməkdaşlıq da mövcuddur. Ancaq artıq hər iki tərəfdən bir-birinin bəzi enerji mənbələrinə zərbələrin endirilməsilə bağlı bir neçə hadisə də baş verib. Rusiya tərəfindən Ukraynaya soyuq qış yaşadacağı barədə bəyanatlar səslənir".

Konfliktoloq düşünür ki, Rusiyanın müharibəni uzatmaq fikri yoxdur:

"Çünki onun uzanması ilə Rusiya tükənir. Belədə müharibənin uzanmaqda davam etməsi fonunda Moskva Ukraynanın enerji mənbələrinə zərbələr endirməkdə davam edəcək. Bu zaman özünün merkantiv maraqlarına zərər verməyən enerji mənbələrini hədəf götürəcək". 

Qeyd edək ki, xarici mətbuatın yazdığına görə, Rusiya və Ukrayna enerji infrastrukturu obyektlərinə qarşılıqlı hücumların dayandırılması ilə bağlı gizli danışıqlar aparır. Bu barədə informasiyanı "Financial Times” qəzeti mənbələrə istinadən yayıb. 

Qeyd edilir ki, Qətər vasitəçi qismində çıxış edir. Belə bir razılaşmanın hər iki ölkənin maraqlarına cavab verdiyi deyilir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->